Xəbər - İlhamə İsabalayeva – Trend:
Döyüşlər vaxtı şəhid yoldaşımı ərazidən çıxarmaq istəyən zaman güllənin biri kürəyimdən, biri sinəmdən girdi. Yaralı halda şəhidi özümlə birlikdə 40 km daşıdım. Ağrılarıma baxmayaraq, çalışırdım ki, şəhidimizi gözü yollarda qalan valideynlərinə çatdırım.
Bunu AzerTimes-a Sumqayıt şəhərində yaşayan qazi Ruslan Rzayev deyib.
Onun sözlərinə örə, müharibəyə könüllü gedib və Füzuli, Beyləqan rayonları ərazisində sanitar təlimatçı kimi çalışıb. Oktyabrın 1-dən 14-ə qədər döyüş gedən ərazilərdən yaralı və şəhid daşıyıb:
“Oktyabrın 14-də gedən döyüşlər zamanı əraziləri dəqiq tanımadığım üçün neytral əraziyə gedib çıxdım. O zaman 3 güllə yarası aldım. Biri qoruyucu jiletdən keçərək sinəmdən, biri çiynimdən, biri kürəyimdən dəymişdi. Vurulduğum yerlə tibb xidmətinin maşını arasındakı məsafə çox uzaq idi. Arada təpəlik var idi. Təpəliyə çatanda 9 dəfə mərmi atıldı. Heç biri mənə dəymədi. Bu, möcüzə idi. O vəziyyətdə şəhidi çıxartmağım çətin idi, çünki məni dayanmadan vururdular. 4 qabırğam, qolumda sinir 4-5 yerdən qırılmışdı. Dəhşətli ağrılarım var idi. Mənim isə daldalanmaq üçün yerim yox idi. Həkimlərin dediyinə görə, çoxlu qanaxmam olmuşdu”.
R.Rzayev deyib ki, əvvəlcə Füzuli rayonun Əhmədbəyli kənd xəstəxanasına yerləşdirilib. Daha sonra isə təcili tibbi yardım maşını ilə hərbi hospitala çatdırıblar.
Hazırda Sumqayıt Reabilitasiya Mərkəzində müalicə olunduğunu deyən R.Rzayev burada ona göstərilən qayğıdan çox razı qaldığını söyləyib:
“Biz orada Vətən qarşısında olan borcumuzu yerinə yetirdik. Bundan çox məmnunuq. Burada bizə qarşılıqlı münasibət gözəldir. Həkimlər bizə çox hörmətlə yanaşır, can yandırırlar”.