Yaradıcı sənayedə biznes imkanları müzakirə edilib (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları
özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada
dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr,
memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam
və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes
sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları
genişdir.

Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə
biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin
təşkilatlanması, müvafiq sektorda dövlət və özəl sektor arasında
əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə “Yaradıcı
sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai
müzakirə təşkil olunub.

Mədəniyyət Nazrliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında
İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının
təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət
qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət
göstərən sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin
yaradıcı sənaye sahəsində biznes potensialının müzakirə olunması,
bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
qarşılaşdıqları çətinliklərin dinlənilməsi və dövlət-özəl
əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu diqqətə
çatdırıb.


Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov
iqtisadiyyatın bir sahəsi olan yaradıcı sənayenin qlobal miqyasda
sürətlə inkişaf edərək prioritet sektorlardan birinə çevrildiyini
və bu sahəyə böyük marağın olduğunu bildirib. Qeyd olunub ki,
yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti
çoxşaxəlidir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə bu sahədə
yaxşı təcrübənin və sektorun problemlərinin öyrənilməsi, satış
platformalarının yaradılması və digər istiqamətlərdə işlər
aparılır.

Tədbirə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədri Kamran İmanov təqdimatında Agentliyin müvafiq
sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və
kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin
və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını
diqqətə çatdırıb.

Teqlər: