Xəbər - Samir Əli – Trend:
Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Gəncə şəhərinə səfər edib.
Gəncə Şəhər İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, səfər zamanı səfir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Niyazi Bayramov qədim tarixə malik olan Gəncənin sənaye, mədəniyyət, idman və digər sahələri barədə qonağa ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkədə dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami ili” elan edilib. Bu isə Nizami yurdu kimi tanınan qədim Gəncə üçün böyük əhəmiyyət kəsb edir.
İcra başçısı, həmçinin qonağın nəzərinə çatdırıb ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı,Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” MMC, “Gəncə Şərab – 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir.
İcra başçısı bildirib ki, Vətən müharibəsi zamanı cəbhə xəttindən aralıda yerləşən Gəncə Ermənistan silahlı qüvvəlləri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 26 dinc sakin həlak olub, 120-dən çox şəxs ağır xəsarət alıb, yaşayış binalarına, infrastruktur obyektlərinə, tarixi və dini abidələrə, təhsil və səhiyyə ocaqlarına ciddi ziyan dəyib.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada regionlara ilk rəsmi səfərinin Gəncədən başladığını deyib. Səfir müharibə zamanı baş verən hadisələrdən məyus olduğunu bildirib, mülki əhaliyə yönələn terror aktlarını pisləyib.
Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi hər iki ölkə arasında iqtisadi, sosial, idman, mədəniyyət və digər sahələrdə mövcud olan əlaqələrin genişləndirilməsidir.
Cuniçi Vada xatırladıb ki, Yaponiya höküməti Azərbaycanda təhsil, səhiyyə və idman sahələrinin inkişafına yönələn iki yüzdən çox kiçik qrant layihələr icra edib ki, onlardan da 10-a yaxını Gəncənin payına düşür. Səfir bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib.
Görüşdə Yaponiyanın Gəncədə icra etməyi düşündüyü layihələr ətrafında müzakirələr aparılıb. Bunlardan ən önəmlisi məişət tullantılarının emal edilərək alternativ enerji əldə edilməsi istiqamətində görüləcək işlərlə bağlı olub. Həmçinin, Niyazi Bayramov Gəncənin Yaponiyanın sənaye şəhərlərindən bir ilə qardaşlıq əlaqələrinin qurulmasını təklif edib.Bu fikri müsbət qarşılayan Cuniçi Vada Yaponiya və Azərbaycan arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq İli” elan edildiyini bildirib. “Dostluq İli” çərivəsində Gəncədə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdən sonra Yaponiya səfiri Cuniçi Vada Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olub. Gün ərzində səfir Gəncənin bir sıra idman və mədəniyyət ocalqarında da olacaq.