Yaponiyanın baş naziri ABŞ-a səfər etməyi planlaşdırır

Yaponiyanın baş naziri Yoşihide Suqa aprel ayının ilk yarısında ABŞ-a səfər etməyi planlaşdırır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato deyib.

K.Kato bildirib: “Baş nazirin ABŞ-a səfərinin aprelin birinci yarısında həyata keçirilməsi planlaşdırılır”.


Xatırladaq ki, daha əvvəl Nazirlər Kabinetinin baş katibi vurğulamışdı ki, Yaponiya tərəfi Y.Suqinin ABŞ-a tez bir zamanda səfər edəcəyinə ümid edir, lakin səfərin hazırlanması zamanı koronavirusun yayılması ilə bağlı vəziyyət nəzərə alınacaq.

Qeyd edək ki, Yaponiya hökumətinin rəhbəri Y.Suqa ABŞ Prezidenti Cozef Baydenin öz rəsmi iqamətgahında qəbul edəcəyi ilk xarici lider olacaq.