Yaponiyada torpaq sürüşməsi nəticəsində təxminən 80 ev dağılıb

Yaponiyanın Atami şəhərində (Şıdzuoka prefekturası) baş verən torpaq sürüşməsi nəticəsində təxminən 80 yaşayış evinin dağıldığı ehtimal edilir.

AzerTimes-ın “NHK” telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakətin vurduğu ziyanın dəqiq miqyasını qiymətləndirmək hələ çətindir.

Prefekturanın rəhbərliyi qeyd edir ki, sürüşmənin baş verdiyi ərazidə 100-dən 300-ə qədər evə müxtəlif dərəcədə ziyan dəyib.

Qeyd edək ki, iyulun 3-ü Yaponiyanın Atami şəhərində torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 2 nəfər həlak olub, təxminən 20 nəfər itkin düşüb.

Bildirilir ki, ötən gün axşam saatlarında xilasedicilər sürüşmə zonasında olan evlərdə 10 sakini aşkar ediblər. Onların həyatı üçün təhlükə yoxdur.

Məlumata əsasən, itkin düşənlərin axtarışı üzrə əməliyyat davam edir.