Yaponiya şahzadəsi sevgilisinə görə statusundan imtina edir

Yaponiya şahzadəsi sevgilisinə görə statusundan imtina edir

25 yaşlı Yaponiya şahzadəsi Mako mətbuat konfransında zadəgan ailəsinə aid olmayan biri ilə nişanlandığını rəsmi olaraq açıqlayıb.

Nişanlısı Kei Komuro ilə mətbuat qarşısına çıxan şahzadə gələn il böyük mərasimlə evlənəcək.

Şahzadə açıqlamasında bildirib ki, uşaqlıqdan sadə biri ilə evlənsə, şahzadə ünvanını itirəcəyini bilir. Mako vurğulayıb ki, nişanlısının əvvəlcə günəş kimi gülümsəməsinə aşiq olub, sonra isə səmimi, iradəli, çalışqan xarakterinə vurulub.

Komuro isə “Bir gecə göy üzündə çox gözəl ay gördüm, tez ona zəng elədim. O vaxtdan bəri nə vaxt ay görsəm, ona zəng edirəm. Şahzadə səssizcə ay kimi mənimlə birlikdə dayanır” deyib.

Qeyd edək ki, cütlük 5 il əvvəl eyni universitetdə oxuyan zaman tanış olub.