Xəbər - Ceyhun Ələkbərov – Trend:
Azərbaycan və Yaponiya arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə növbəti danışıqlar aparılıb.
AzerTimes-ın məlumatına görə, danışıqlarda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri, Xarici İşlər Nazirliyinin və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri, Yaponiya tərəfindən isə Xarici İşlər və Maliyyə nazirliklərinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Qeyd edilməlidir ki, bu, cari ildə müvafiq sənəd layihəsi üzərində müzakirələrə həsr edilmiş 2-ci görüşdür. Bu ilin fevral ayında Dövlət Vergi Xidmətinin ekspertləri ilə Yaponiyanın Maliyyə Nazirliyinin ekspertləri arasında videokonfrans vasitəsilə görüş təşkil olunmuş və yeni Konvensiyanın layihəsi üzrə ilkin müzakirələr aparılmışdı.
Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Musayev müzakirələr zamanı qeyd edib ki, yeni Konvensiyanın imzalanacağı təqdirdə hər iki ölkənin sərmayəçiləri üçün əlverişli şərait yaranacaq. Bu səbəbdən, yeni sənəd məlumat mübadiləsinin genişlənməsi və vergi borclarının yığılmasında səmərəli mühitin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı 2022-ci ilin “Azərbaycan-Yaponiya dostluq ili”nin olduğu nəzərə alınaraq, yeni Konvensiyanın bütün müddəalarının növbəti ilə qədər tam razılaşdırılması istiqamətində bütün zəruri işlərin görüləcəyi vurğulanıb. Ölkələrimiz arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Konvensiya layihəsi, həmçinin, hər iki ölkənin vergi orqanları arasında vergidən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.
İki gün davam edən müzakirələrin nəticəsi olaraq, Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə edilib. Hər iki tərəfin Xarici İşlər nazirliklərinin səlahiyyətlərinə aid olan maddələrin əksəriyyəti razılaşdırılsa da, bir neçə maddə növbəti danışıqlar üçün hələlik açıq qalıb. Ümumilikdə, müzakirələr qarşılıqlı anlaşma mühitində keçib və açıq qalmış maddələrin tez bir zamanda razılaşdırılması istiqamətində bütün səylərin göstərilməsi ilə bağlı razılığa gəlinib.
Məlumat üçün: Son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.