Yaponiyanın Ukraynaya 4 ədəd minatəmizləmə maşını verməsi bu ölkənin Azərbaycanla bağlı qərarını növbəti dəfə gündəmə gətirib.
Azərbaycan bir müddət öncə Yaponiyaya minatəmizləmə maşını üçün müraciət etmiş, işğaldan azad edilmiş ərazilərin təmizlənməsində texniki yardım istəmişdi.
Bu, həm də Yaponiyanın elan etdiyi humanizm, insanlıq, təbiəti qoruma və digər çox mütərəqqi prinsiplərə uyğundur. Azərbaycanın onillərlə işğalda saxlanılan əraziləri səhralığa çevrilib, burda yüzlərlə kənd, onlarla şəhər və qəsəbə Yer üzündən silinib, əvəzində torpağımıza milyona yaxın mina döşənib. Qarabağ dünyanın mina ilə çirklənmiş ən təhlükəli ərazilərinin başında gəlir. Yaponiya sadəcə minatəmizlənmə texnikası təqdim etməklə, mülki insanların həyatını xilas edə bilərdi.
Mina – humanitar fəlakətdir, insanlığa qarşı cinayətdir, insanların yaşam hüququnu əlindən almaqdır.
Humanitar yardım bütün dünyada, hətta müharibə aparan ölkələr arasında belə normal qarşılanır: o dərəcədə ki, Rusiyanın müttəfiqləri belə hazırda Ukraynaya humanitar yardım göstərirlər və buna Rusiya əks-reaksiya vermir.
Mülki insanların xilası bəşəri dəyərdir, bu baxımdan Azərbaycanın müraciətində Tokionu narahat edəcək heç bir şey yoxdur. Bir halda ki, Ermənistan özü mina xəritələrini verir – baxmayaraq ki, həmin xəritələrin cəmi 25%-i özünü doğruldub, – hər hansı bir ölkənin minatəmizləmə texnikası təqdim etməsi tərəf seçimi deyil, insanlıqdır.
Ancaq Yaponiya Azərbaycanın müraciətini rədd etmişdi və maraqlıdır ki, bu imtinanı əsaslandırmağı belə lazım bilməmişdi. Ancaq Ukraynaya minatəmizləmə texnikası göndərməklə, guya “humanitar missiya” nümayiş etdirir.
Ukraynada savaş gedir, müharibə hər keçən gün şiddətlənir: Rusiya ordusu minalanma istiqamətində yeni texnologiya tətbiq edir – artıq nə əllə basdırmağa, nə yer seçiminə ehtiyacı yoxdur. Rusiya bir atışla onlarla minanı torpağın 10 sm dərinliyinə yerləşdirmək imkanı olan silahlara sahibdir. Yəni bir atəş və onlarla mina artıq döşənib. O sürətli minabasdırmanın qarşısında Yaponiyanın 4 minatəmizləmə maşını nə edə bilər ki? Yəni Yaponiyanın Ukraynaya göndərdiyi texnikaların nə qədər effektiv olacağı, neçə ukraynalını xilas edə biləcəyi ciddi sual altındadır.
Belə görünür ki, bu, humanitar dəstək deyil, Rusiyaya qarşı münasibətdir – Rusiyanın qorxusundan Ukraynaya silah-sursat göndərməyə cəsarət etməyən Yaponiya Kuril adalarının “qisasını” dolayı yolla almaqla “məşğuldur”.
Yaponiyanın doğrudan da bir insanı xilas etmək, torpağı minadan azad etmək niyyəti olsaydı, müharibənin başa çatdığı, beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində quruculuq-bərpa işləri aparan və müharibənin vurduğu yaraları sağaltmağa çalışan Azərbaycana dəstək verərdi.
Anlaşılmayan yanaşmadır: illər öncə Yaponiya Azərbaycanda məktəb tikintisi, qaçqınlara yardım baxımından fəallıq göstərməsilə diqqətimizi çəkirdi. Toşiyuki Fucivaranı bəlkə də indi çox az adam xatırlayır, ancaq bu maarifçi, azərbaycanca şirin ləhcədə danışan səfirin isti münasibətini unutmadıq. Belə məlum olur ki, Yaponiyanın o vaxtkı səfirinin fəaliyyəti də humanizm yox, “münasibət” imiş – işğal edilmiş ərazilərə görə Rusiyaya “münasibət”.
Əmin ola bilərsiniz: əgər Ukrayna Rusiya ilə razılığa gəlsə, NATO-dan imtina etsə, Kremllə normal münasibətlər qurub, qətliamı dayandırsa və torpaqlarını xilas etsə, Ukraynaya da eyni münasibət olacaq, onda da humanizm yaddan çıxacaq və neçə ukraynalının mina qurbanı olacağını kimsə, başda da Yaponiya, hesablamayacaq. Zatən indi də hər gün neçə ukraynalının ölməsi heç kəsin umurunda deyil.
Dünya güclərinin baxışı budur: heç nəyi unutmayaq, heç nəyi yaddan çıxarmayaq…