YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Zəngilan rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı vebinar keçirilib.

Birlikdən AzerTimes-a verilən məlumata görə, vebinarda rayon gəncləri və fəalları ilə yanaşı, ölkə ictimayiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər. Tədbir bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadə çıxış edərək milli kimliyimizin formalaşmasında 20 Yanvar hadisələrinin əhəmiyyətindən ətraflı danışdı. O, gənclərimizin dövlətimizin güclənməsi istiqamətində səylərinin daha da artırılması üçün çalışmalarının vacibliyini xüsusi olaraq vurğuladı.

Millət vəkili xanım Pərvin Kərimzadə 20 Yanvar faciəsinə siyasi qiymətin verilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışdı. Daha sonra o 44 günlük müharibə dövründə xalqımızın göstərdiyi əzm və şücaət haqqında geniş nitq söyləyərək millət vəkili olduğu Gəncə şəhərinin əhalisinin müharibə dövründə məruz qaldıqları hücumlara baxmayaraq, dövlətə və orduya arxalanıb evlərini tərk etməmələrini xüsusilə vurğuladı.

Təşkilatçı daha sonra sözü Qarabağ qazisi Kamil Musəviyə verdi. Kamil Musəvi xalqımızın cəsarətli olmasının hər zaman həlledici əhəmiyyətə malik olduğunu bildirərək həm ötən əsrin sonlarında, həm də müasir dövrümüzdə bunu konkret nümunələrlə əsaslandırdı.

Nərmin Hüseynzadə daha sonra sözü ictimai fəal, beynəlxalq münasibətlər üzrə ekspert Emin Əliyevə verdi. Emin Əliyev milli təqvimimizdə 20 Yanvar gününün məhz 8 Noyabr qələbə günü ilə daha dəqiq məna qazandığını bildirdi. Qeyd etdi ki, xalqımızın tarix boyu şəhidlərə və qazilərə verdiyi dəyər nəticəsində ordumuz daha böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı və heç bir hərbi, texniki, coğrafi, təbii relyef maneələrinə baxmayaraq qələbəni təmin etdi. Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında xalq-ordu-hakimiyyət birliyi dəmir yumruq halında birləşərək bayrağımızı tarixi torpaqlarımıza sancdı.

Daha sonra söz psixoloq Vəfa Rəşidovaya verildi. O, 20 yanvar hadisələri ilə bağlı danışaraq millətimizin psixoloji-mənəvi halı və 1-ci Qarabağ müharibəsi dövründə xalqımızın və ordumuzun keçirdiyi dərin sarsıntı və eyni zamanda torpağa bağlılıq hisləri barədə danışdı. 44 günlük Vətən müharibəsi gedişində psixoloq olaraq keçirdiyi görüşlərdə əsgərlərdə şahidi olduğu cəsarət və döyüş ruhundan xüsusi emosianallıqla danışdı.

Yekunda Zəngilan məktəblisi, 8-ci sinif şagirdi Şahsənəm Quliyeva 20 Yanvar hadisələrinə yeniyetmə prizmasından verdiyi dəyərlər və bu hadisələrin vətənpərvərlik ruhunun artmasında əhəmiyyəti barədə çıxış etdi.

Sonda Nərmin Hüseynzadə tədbirə yekun vuraraq bütün qonaqlara, natiqlərə və iştirakçılara təşəkkürünü bildirdi.

Teqlər: