Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı 32
mindən artıq üzvü 140 ərazi partiya təşkilatında birləşdirir. Bu
günlərdə təşkilatın ərazi partiya təşkilatlarının sırasına daha
biri əlavə olunub.
Həsən bəy Zərdabi prospekti-88 ünvanında ərazi partiya
təşkilatının yaradılması tədbirində çıxış edən YAP Yasamal rayon
təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər
Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin
sədrlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük
qürurdur. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP
cəmiyyətin avanqard qüvvəsi olaraq ölkəmizin inkişafına öz davamlı
töhfələrini verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu
günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz
aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir.
B.Nəbiyev qeyd edib ki, Ümummilli Liderin ideyalarının təbliğatında
fəal iştirak edən YAP cəmiyyətin bütün təbəqələrini əhatə edən
insanları sıralarında birləşdirməklə monolitliyini gücləndirir.
YAP Yasamal rayon təşkilatının sədri yeni yaradılan ərazi
partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb və
qarşıda duran vəzifələrdən, görüləcək işlərdən söz açıb.
Yeni ərazi partiya təşkilatının yaradıldığı “İki sahil”
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu mühüm addımı yüksək
dəyərləndirərək bildirib ki, Yeni Azərbaycan Partiyasına xidmət
etmək dövlətə, xalqa xidmət etmək deməkdir: “YAP yarandığı gündən
tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə xalqın böyük
etimadını qazanıb. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət
baxımından zənginləşməsində də ulu öndər Heydər Əliyev ideyalarına
sədaqət, Prezident İlham Əliyevin siyasətinə inamla yanaşı,
partiyanın ötən 30 ilə yaxın dövrdə dövlətə, xalqa xidmət
nümunəsini nümayiş etdirməsi, hər zaman ölkəmizin gələcəyini
düşünərək bunu əməli fəaliyyətində təsdiqləməsi mühüm rol oynayır.
Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir partiyada təmsil
olunmaq böyük şərəf və məsuliyyətdir. Hər birimiz bu məsuliyyəti
dərindən dərk edərək partiyanın Proqram və Nizamnaməsindən irəli
gələn vəzifələrin icrasına öz töhfələrimizi verməliyik.”
Sonra təşkilati məsələyə baxılıb. İsmayıl Hacıyev ərazi partiya
təşkilatının sədri, Orxan İsrafilov isə sədr müavini seçilib.