YAP Xətai rayon təşkilatının daha iki ərazi partiya təşkilatı yaradıldı (FOTO)

Yarandığı gündən sözlə əməl birliyi, tutduğu yola sadiqliyi Yeni
Azərbaycan Partiyasının (YAP) sıralarının kəmiyyət və keyfiyyət
baxımından daha da zənginləşməsində özünün aydın ifadəsini tapır.
Hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP cəmiyyətin
avanqard qüvvəsi kimi bütün proseslərin mərkəzində dayanır,
milyonların partiyası imicini daha da möhkəmləndirir. Bu inkişaf
partiyanın hər bir rayon və şəhər təşkilatının fəaliyyətində də
özünü qabarıq şəkildə büruzə verir.

Sıralarında 18 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan
Partiyası Xətai rayon təşkilatının üzvlərinin, eyni zamanda, ərazi
partiya təşkilatlarının sayının artması da bu baxımdan
diqqətçəkəndir. Belə ki, mayın 17-də YAP Xətai rayon təşkilatının
ərazi partiya təşkilatlarının sırasına daha ikisi – Məzahir
Rüstəmov 21, Aşıq Ələsgər 1 a ünvanlarında yerləşən ərazi partiya
təşkilatları əlavə olundu.

Yeni yaradılan ərazi partiya təşkilatlarına gələcək
fəaliyyətlərində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının
sədri Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan
nüfuzundan, tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII
qurultaydan sonra partiyanın həyatındakı yeniliklərdən geniş bəhs
etdi. Bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,
ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin
partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla
yanaşı, özünün real həyatda təsdiqini tapıb: “Nəinki ölkəmizin,
bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın
təsis olunmasının 30 illiyi ərəfəsindəyik. 30 illik zəngin yol
partiyanın həyatında biri-birindən əhəmiyyətli tarixi hadisələrlə
müşayiət olunur. 30 ildə əldə olunan təcrübə, möhkəm təməl gələcəyə
daha böyük əminliklə irəliləməyə əsas verir. Heydər Əliyev
ideyalarının fəal təbliğatçısı olan YAP-ın hər bir üzvü yeni-yeni
hədəflərə doğru inamla irəliləyən Azərbaycanın bu məqsədlərə yüksək
səviyyədə nail olmasına öz töhfəsini verməyə səy göstərir. Ulu
öndər Heydər Əliyevin yaradıcısı olduğu, möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük
şərəf və məsuliyyətdir.»

Vüqar Rəhimzadə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil
Azərbaycanın möhtəşəm uğurlarından geniş bəhs etdi: “Son 18 ildə
ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə
uğurla davam etdirən Prezident İlham Əliyev sözün əsl mənasında
Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi inkişaf səviyyəsinə
qaldırdı. Bu gün Azərbaycan qalib ölkə kimi regionda və dünyada
fəal mövqeyə malikdir. Yeni reallıqların diktə etdiyi əməkdaşlıq
formatlarının müəllifi Azərbaycandır. Son 18 ildən artıq dövrün
uğurlarının zirvəsində tarixi Zəfərimiz və işğaldan azad edilmiş
torpaqlarımızda bərpa-quruculuq işləri dayanır. Bu gün əsas
hədəfimiz Böyük Qayıdışdır. Azərbaycanın daxilində baş verənlər-
əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata
keçirilən layihələr, qəbul onunan proqramlar, imzalanan fərmanlar,
sərəncamlar, siyasi sabitlik ölkəmizin dünya birliyindəki yerini
möhkəmlətdi. Bu uğurların bələdçisi olan Yeni Azərbaycan Partiyası
hazırda qəbul etdiyi yeni Nizamnaməyə və təsdiqlədiyi Proqrama
uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir,
yeniləşdirir.”

Vüqar Rəhimzadə diqqəti hazırda ünvanladığı mesajlarla dünyaya
səs salan, may ayının 12-14-də cənnət diyarımız Şuşa şəhərində
keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına yönəldərək
bildirdi ki, bərpa-quruculuq işləri nəticəsində əvvəlki görkəminə
qayıdan, şöhrətini bərpa edən, nəinki Azərbaycanın, bütövlükdə Türk
dünyasının mədəniyyət paytaxtı statusunu qürurla daşıyan Şuşa ev
sahibliyi etdiyi növbəti beynəlxalq tədbirlə bir daha sübut etdi
ki, qalib Sərkərdəsi olan xalq məğrurdur, yenilməzdir: “Festivalın
iştirakçılarından biri kimi Qarabağımızda, Şuşamızda görülən
işlərdən böyük qürur hissi keçirdim. Şuşa dirçəlir. Şuşa əməliyyatı
bir dastana çevrilərək beynəlxalq səviyyədə öyrənilir. Biz bu
Zəfəri həm beynəlxalq arenada, həm hərb meydanında apardığımız
düzgün siyasətimiz, həm də xalq-hakimiyyət birliyi sayəsində
qazandıq. Bu gün bizi azad Şuşaya aparan Zəfər yolu göstərilən
qəhrəmanlıqların, şücaətin şahididir. Xalqımız tam əmirdir ki, 30
ilin işğalına 44 gündə birliyimiz, həmrəyliyimiz sayəsində necə son
qoyduqsa, bərpa-quruculuq işlərini də tezliklə dövlət başçısı İlham
Əliyevin tapşırıqlarına uyğun olaraq müasir tələblər səviyyəsində
başa çatdıracağıq. Bununla da soydaşlarımızın Böyük Qayıdışı
reallığa çevriləcək. Azad Qarabağımız, azad Şuşamız sözün əsl
mənasında yeni həyatını yaşayacaq, malik olduqları resurslardan
səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük
töhfələr verəcəklər.”

Daha sonra təşkilati məsələyə baxılıb. Elşad Vəliyev Məzahir
Rüstəmov küçəsi 21 ünvanında yerləşən ərazi partiya təşkilatının
sədri, Nərminə Hacıyeva sədr müavini, Cəmil Fətullayev Aşıq Ələsgər
küçəsi 1a ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,
Məhəmməd Novruzov sədr müavini seçiliblər.

Teqlər: