YAP Mingəçevir şəhər təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib (FOTO)

2022-ci ilin 03 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı
üzrə 5 saylı ərazi partiya təşkilatının hesabat-seçki iclası
keçirilib. İclasda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir
Yusibov, YAP üzvü olan MDU əməkdaşları və tələbələri iştirak
ediblər.

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov
iclasın gündəliyi barədə məlumat verib, YAP Mingəçevir şəhər
təşkilatının sədri təyin olunması münasibətilə C.Yusibovu təbrik
edib.

Yeni Azərbaycan Partiyasını ümummilli lider Heydər Əliyevin
Azərbaycan xalqı üçün yaratdığı dəyərlərdən biri kimi xarakterizə
edən Ş.Bayramov YAP-ın “Dünənin, bu günün və gələcəyin partiyası”
devizi ilə ölkəmizdə və regionda ən böyük siyasi qüvvə kimi
nüfuzunu davamlı gücləndirdiyini diqqətə çatdırıb. Rektor bildirib
ki, əsası Ulu Öndər tərəfindən qoyulan hərtərəfli inkişaf
konsepsiyası hazırda onun layiqli davamçısı, möhtərəm
Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi
altında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində
icra olunur.

YAP-ın VII Qurultayında partiyanın sədrinin proqram xarakterli
çıxışından sitatlar gətirən Ş.Bayramov yeni mərhələdə partiyada
aparılan islahatlardan və qarşıya qoyulan vəzifələrdən bəhs edib.
YAP üzvü olmağın yaratdığı məsuliyyətdən danışan rektor partiyanın
üzvü olan MDU əməkdaşları və tələbələrinin ölkə başçısının
ətrafında sıx birləşdiklərini vurğulayıb.

İclasda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri
Cavanşir Yusibov partiyanın sədrinin müvafiq göstəriş və
tapşırıqları əsasında son dövrdə YAP çərçivəsində aparılan
islahatlar barədə ətraflı məlumat verib. Partiyanın ali idarəetmə
orqanlarının, eləcə də şəhər və rayon təşkilatlarının yenidən
formalaşdırılması, Veteranlar Şurası və Gənclər Birliyinin
fəaliyyətinin təkmilləşdirilməsindən bəhs edən C.Yusibov YAP
Mingəçevir şəhər təşkilatı qarşısında qoyulan vəzifələri diqqətə
çatdırıb. Hesabat dövründə YAP Mingəçevir şəhər təşkilatının
fəaliyyətində partiya üzvü olan MDU əməkdaşlarının və tələbələrinin
fəal iştirakından məmnunluğunu ifadə edən C.Yusibov növbəti
mərhələdə daha məhsuldar işbirliyi qurulacağını əminliyini
bildirib.

Sonra, MDU-nun dosenti Esmira Cəfərova YAP Mingəçevir şəhər
təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının VI Qurultaydan
sonrakı dövr ərzində fəaliyyəti barədə geniş hesabat məruzəsi edib.
Hesabat dövründə ərazi ilk partiya təşkilatının fəaliyyətinin
əsasən təşkilatlanma işinə, Heydər Əliyev irsinin təbliğinə,
partiya sıralarına qəbulun keyfiyyətinin yüksəldilməsinə, gənclərlə
işin gücləndirilməsinə və digər vacib məsələlərə yönəldiyi qeyd
olunub.

Ərazi ilk partiya təşkilatının sıralarında 239 nəfər partiya
üzvünün birləşdiyi, onlardan 137 nəfərinin qadınlar, yarıdan
çoxunun isə gənclər təşkil etdiyi bildirilib. Partiya üzvlərindən
36 nəfərinin müxtəlif sahələr üzrə alimlər olması xüsusi
vurğulanıb.

Hesabat dövründə Universitetdə Ulu Öndərin doğum və anım
günlərinə, xilaskarlıq missiyasına, Yeni Azərbaycan Partiyasının
yaradılmasına, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara
həsr olunmuş çoxsaylı tədbirlər keçirilməsi, sosial şəbəkələrdə
təbliğat və maarifləndirmə xarakterli fəaliyyətlərin
gücləndirildiyi bildirilib. Bütün bu işlərdə YAP üzvü olan
universitetin professor-müəllim heyəti və tələbələrinin xüsusi
fəallıq göstərməsi diqqətə çatdırılıb.

Ərazi ilk partiya təşkilatı üzrə üzvlük haqlarının toplanması
işinin mütəşəkkil qaydada həyata keçirildiyi bildirilib. Vurğulanıb
ki, YAP üzvü olan MDU-nun gənc əməkdaşları və tələbələri 44 günlük
Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə, COVID-19
pandemiyasına qarşı sosial dəstək, təbliğat və maarifləndirmə
işlərində, vaksinasiya prosesində, Nəsimi və Nizami illəri
çərçivəsində keçirilən çoxsaylı tədbirlərin təşkilində, könüllülük
fəaliyyətində yüksək fəallıq nümayiş etdiriblər.

Hesabatda 5 saylı ərazi ilk partiya təşkilatının bütün
üzvlərinin bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata
keçirilməsi üçün səfərbər olacaqları bildirilib.

Müzakirələrdən və çıxışlardan sonra, YAP Mingəçevir şəhər
təşkilatı üzrə 5 saylı ərazi partiya təşkilatının VI Qurultaydan
sonrakı dövr ərzində fəaliyyəti barədə hesabat qənaətbəxş hesab
olunub və yekdilliklə qəbul edilib.

Daha sonra, ərazi partiya təşkilatının sədrinin və sədr müavinin
seçilməsinə dair açıq səsvermə keçirilib. İclas iştirakçılarının
yekdil qərarı ilə Şahin Bayramov YAP Mingəçevir şəhər təşkilatı
üzrə 5 saylı ərazi partiya təşkilatının sədri, Esmira Cəfərova isə
sədrin müavini seçiliblər.

Teqlər: