Fevralın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında
müşavirə keçirilmişdir. YAP Sədrinin müavini – Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqovun, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, sözügedən şöbənin
məsul əməkdaşlarının, habelə YAP Təftiş Komissiyasının, Veteranlar
Şurasının, Gənclər Birliyinin, mətbu orqanlarının, Mərkəzi
Aparatının rəhbər şəxslərinin və yerli təşkilat sədrlərinin
iştirakı ilə keçirilmiş tədbirdə partiyada aparılmış islahatlardan
sonra qarşıda duran strateji vəzifələr geniş müzakirə olunub.
YAP-dan AzerTimes-a
verilən məlumata görə, ölkə ictimaiyyəti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bütün sahələrdə
olduğu kimi, ictimai-siyasi sahədə də aparılan islahatların
şahididir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını
hədəfləyən bu islahatlar ölkədə həmrəylik mühitinin bərqərar
olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam
dialoqun formalaşmdırılmasına xidmət edir. Qeyd olunan müşavirə
ölkədə aparılan islahatların effektivliyinin təmin olunmasında
YAP-ın üzərinə düşən vəzifələrin təhlilinə həsr olunub.
Müşavirədə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov bildirmişdir ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz sosial-iqtisadi
sahədə böyük nailiyyətlər qazanmış, beynəlxalq müstəvidə nüfuzunu
əhəmiyyətli dərəcədə artırmış, Cənubi Qafqaz regionunun lider
dövlətinə çevrilmişdir. Onun sözlərinə görə, 44 günlük Vətən
müharibəsi nəticəsində ölkəmiz yeni bir tarixi mərhələyə qədəm
qoymuşdur: “Vətən Müharibəsində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev böyük strateq, Müzəffər Ali Baş
Komandan və parlaq diplomat kimi bütün keyfiyyətlərini bariz
şəkildə nümayiş etdirmişdir. Şanlı Qələbəmizin qazanılmasında
ölkəmizdə milli birliyin, vətəndaş həmrəylinin təmin olunması əsas
amillərdən biridir. Bu səbəbdəndir ki, müharibə dövründə Azərbaycan
xalqı, cəmiyyəti, o cümlədən siyasi partiyaların mütləq əksəriyyəti
cənab Prezidentin ətrafında sıx birləşərək şanlı qələbəmizin
qazanılmasına nail olmuşdur. Bütövlükdə, Azərbaycanda yeni siyasi
konfiqurasiya yaradılıb ki, bu amil ictimai-siyasi mühitdə sağlam
münasibətlərin formalaşması ilə özünü ifadə edir”.
YAP Sədrinin müavini ötən ilin mart ayında keçirilən Yeni
Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi
həyatında mühüm hadisə olduğunu qeyd edərək diqqətə çatdırmışdır
ki, qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram
xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr
müəyyənləşdirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın YAP Sədrinin birinci müavini təyin olunması
partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə
yanaşı, partiyamızın və dövlətimizin daha da güclənməsinə xidmət
edən mötəbər hadisədir.
Hazırda Azərbaycanın inkişafının yeni mərhələsinin başlandığını,
qarşıda böyük vəzifələrin dayandığını deyən Tahir Budaqov
söyləmişdir ki, Yeni Azərbaycan Partiyası bu vəzifələrin yerinə
yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq
davam etdirməlidir. Yeni Azərbaycan Partiyası ölkənin
ictimai-siyasi həyatında və siyasi münasibətlərinin
demokratikləşməsi proseslərində aparıcı rolunu qorumalı və daha
fəal mövqe tutmalıdır. Bu baxımdan, partiyamızın yeni Nizamnaməsi
və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi
istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
müdiri Ədalət Vəliyev tədbir iştirakçılarını salamlayaraq öz giriş
nitqini sahənin əsas strateji prioritetlərini müəyyən edən
Prezident İlham Əliyevin sözləri ilə başlamışdır: “Dövlət
təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması,
islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit
şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. bu
kimi strateji prioritetlərin icrası prosesində siyasi partiya və
vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır”. Prezident
İlham Əliyevin sözlərini şərh edərək Prezident Administrasiyasının
rəsmisi bildirmişdir ki: “Cənab Prezidentin bu fikirləri əslində
siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına bir
çağırışdır. Bu cür yanaşma, eyni zamanda, konstruktiv əməkdaşlığa
dəvətdir. Siyasi proseslərin subyektləri arasında daha təkmil və
daha universal münasibətlər məhz sağlam və konstruktiv əməkdaşlığın
nəticəsində formalaşa bilər. Bu mənada, partiyanın yerli
təşkilatlarının səmərəli fəaliyyəti sayəsində siyasi dialoqla bağlı
olan bütün təşəbbüslər bölgələrdə öz inkişafını tapmalıdır”.
Daha sonra hər bir ölkənin strateji resursu hesab olunan siyasi
sabitliyin qorunması zərurətindən söhbət açan Ədalət Vəliyev
dayanıqlı inkişafın təmin olunması prosesində ölkədə yaranmış
həmrəylik mühitinin inkişafına xidmət edən Prezident İlham Əliyevin
önəmli təşəbbüsləri və əldə olunmuş nəticələr haqqında məlumatları
tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ötən ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayını
xatırladan Prezident Administrasiyanın şöbə müdiri bildirmişdir ki,
sözügedən Qurultay partiyanın inkişaf tarixinin mahiyyət etibarı
ilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Belə
ki, Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni
Azərbaycan Partiyasının fəaliyyətinin müasir çağırışlara
uyğunlaşdırılmasının vacibliyini vurğulayan Ədalət Vəliyev
bildirmişdir ki, peşəkarlıq, çeviklik, sadəlik, vətənpərvərlik və
milli dəyərlərə sadiqlik hər bir partiya üzvünü səciyyələndirən
əsas keyfiyyətlər olmalıdır.
Xüsusi olaraq vurğulanmışdır ki, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan
Partiyasının Sədrinin birinci müavini kimi fəaliyyəti də ölkəmizin
və partiyamızın daha da güclənməsinə xidmət edəcəkdir:
“Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva
Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına
xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Mehriban xanım
Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin
problemlərinin həll edilməsi, zəngin mədəniyyətimizin,
multikulturalizm ənənələrimizin təbliğ olunması, müxtəlif
istiqamətlərdə yeni layihələrin reallaşdırılması ilə bağlı önəmli
addımlar atır. Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olan
Mehriban xanım Əliyeva bütün varlığı və əzmkar fəaliyyəti ilə
dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurla
fəaliyyət göstərir”.
YAP-ın ideoloji fəaliyyəti və bu fəaliyyətin strateji
istiqamətlərindən söz açan Ədalət Vəliyev qeyd etmişdir ki, gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli
həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin
mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər
durmalıdır. “İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan
Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin
nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini
yaşayır” – kimi fikri səsləndirmiş Administrasiyanın rəsmisi xüsusi
olaraq vurğulamışdır ki, “Azərbaycan xalqının tarixinə yazılmış bu
Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya
manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu
cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır”.
Eyni zamanda vurğulanmışdır ki, partiyanın yerli təşkilatları
tərəfindən qazi və şəhid ailələrinə xüsusi diqqət ayrılmalı və
dövlətin mövcud istiqamətdə görülən işlərdə partiya üzvləri
yaxından iştirak etməlidir. Qazi və şəhid ailələrinə göstərilən
qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə
yaradılmış “YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti
xüsusi olaraq qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin:
“Xalqın birinci xidmətçisi mənəm“ sözlərini xatırladan
Administrasiyanın şöbə müdiri bildirmişdir ki, YAP-ın yerli
təşkilatları cəmiyyətə açıq olmalı, onların rəhbərləri isə
bölgələrdə öz ictimai-siyasi fəallığı ilə vətəndaşların rəğbətini
qazanmalıdırlar. Bu mənada təyin olunmuş yerli təşkilatların
sədrləri müasir siyasi proseslərin bütün xüsusiyyətlərini nəzərə
alaraq, öz açıq və demokratik yanaşmaları ilə yanaşı, mütləq olaraq
fəaliyyətlərində ictimaiyyətlə əlaqələr məsələlərinə də xüsusi
diqqət ayırmalıdırlar.
Müşavirədə qarşıda dayanan vəzifələrlə bağlı geniş fikir
mübadiləsi aparılıb.