YAP Mərkəzi Aparatında Gəncləri Gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

Fevralın 1-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli” mövzusunda konfrans keçirilib.

AzerTimes-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları YAP Mərkəzi Aparatının foyesində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanda dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, gənclik enerji, təşəbbüskarlıq, yaradıcılıq və yenilikçilik deməkdir.

“Dünya təcrübəsi göstərir ki, tarixi ənənələri, mütərəqqi dəyərləri mənimsəmiş, milli ideologiya ətrafında sıx birləşmiş, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmuş – yetişmiş gənclik inkişaf mənbəyidir. Çünki cəmiyyətin dinamik və aparıcı qüvvəsi olan gənclərin fiziki və mənəvi potensialından səmərəli, məqsədyönlü şəkildə istifadə edilməsi həm milli tərəqqiyə mühüm töhfə verir, həm də parlaq perspektivlər formalaşdırır. Burada əsas strateji məqam dövlətin uğurlu, milli maraqlara və müasir çağırışlara əsaslanan gənclər siyasəti həyata keçirməsidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, XX əsrin 90-cı illərinin əvvəlindən bu günə qədər dünyanın ictimai-siyasi mənzərəsinə nəzər saldıqda müxtəlif ölkələrdə çoxsaylı kataklizmlərin, qarşıdurma və ziddiyyətlərin baş verdiyini görürük.

“Təbii ki, siyasi, iqtisadi, sosial və digər amillərlə əlaqədar baş verən bu hadisələr – cərəyan edən proseslər bir çox hallarda həmin xalqlar üçün çox ağır fəsadlara səbəb olur, ölkələr uzun müddət xaos və anarxiya məkanına çevrilir. Belə konfrontasiyaların meydana çıxmasında, eyni zamanda, bəzi xarici güc mərkəzlərinin təhriki və təşviqi də xüsusi rol oynayır. Həmin qüvvələr müxtəlif vasitələrlə təsir altına saldıqları gənclərdən də ölkələrin milli maraqlarına qarşı istifadə edirlər. Təbii ki, cəmiyyətdə ideoloji boşluqların hökm sürməsi, gənclərin milli ruhda, vətənpərvərlik ideyası əsasında tərbiyə olunmamaları xarici qüvvələrin müdaxiləsini asanlaşdıran neqativ amil kimi çıxış edir.

Xalqımızın xoşbəxtliyi ondadır ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub, bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi də həm ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həm də respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir”, – deyə o qeyd edib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, könüllülük nəcib xüsusiyyət kimi xalqımızın mental dəyərlərindəndir.

Müstəqillik illərində də gənclərimiz könüllü şəkildə müxtəlif sahələrin inkişafına töhfələr veriblər. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclərimiz dövlət quruculuğu prosesində fəal iştirak etdilər.

Ü.Mehdiyev qeyd edib ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan bu fəaliyyətin təbliğində və inkişafında özünəməxsus rol oynayır. “ASAN xidmət”in yaradılması ilə ölkəmizdə könüllülük hərəkatı böyük vüsət almağa başladı. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücünün məhz gənclər olması sirr deyil. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olmasına diqqət ayıran Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Hazırda “ASAN xidmət”in 28 mindən çox könüllüsü var. Bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Eləcə də digər qurumlarda da könüllülər çalışırlar. O cümlədən könüllülük hərəkatında fəal iştirak edən YAP üzvü olan gənclər kifayət qədərdir.

Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyətinin olduğunu deyən Ü.Mehdiyev qeyd edib: “Azərbaycanda könüllər hərəkatı ölkəmizdə keçirilən bir sıra mühüm beynəlxalq tədbirlərdə əhəmiyyətli fəaliyyəti ilə seçilib. Belə təcrübələr həm də gənclərin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Mən gənclərimizi daha da fəal olmağa, könüllülük hərəkatına qoşulmağa çağırıram”.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov ilk olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında keçirilmiş Azərbaycan Gənclərinin I Forumu barədə xatirələrini bölüşüb. O, Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan bəhs edib, təhsilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb. Nazir müavini bildirib ki, Ulu Öndərimizin dediyi kimi, təhsil millətin gələcəyidir. Bu gün təhsilimizin davamlı inkişafı Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir.
Cəmiyyətin inkişafında təhsilin böyük əhəmiyyətə malik olduğunu deyən F. Qurbanov diqqətə çatdırıb: “Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür. Bu mənada, gənclərin yüksək təhsil alması, yüksək bilikli vətəndaş kimi formalaşması onların dayanıqlı inkişafında mühüm rol oynayır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun bərpa olunması müsbət nəticələrini göstərəcək. Biz gənclərimizin Vətən müharibəsindəki şücaətinin şahidi olduq. Bu o deməkdir ki, Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda formalaşıb”.

Nazir müavini elm və təhsilin hər bir dövlətin və cəmiyyətin inkişafında mühüm amil olduğunu vurğulayaraq deyib: “Bu gün Azərbaycan dövləti gənclərin yüksək təhsil alması üçün bütün lazımi addımları atır. Xüsusilə təhsilimizin maddi-texniki bazasının gücləndirilməsi, dünya təhsilinə inteqrasiyası istiqamətində sistemli tədbirlər həyata keçirilir. Gənc nəslin yüksək biliklərə sahib olması, vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və s. addımlar bu qəbildəndir. Gəncliyin inkişafı istiqamətində müxtəlif dövlət proqramları da icra olunub. Məsələn, 2007-2015-ci illəri əhatə edən Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı çərçivəsində 3558 gəncimiz 32 ölkənin 350 nüfuzlu ali məktəblərində təhsil aldılar. Həmin gənclərin böyük əksəriyyəti yüksək biliklərə sahib olan mütəxəssislər kimi dövlət və özəl sektorda çalışırlar. Bir məlumatı da diqqətinizə çatdırım ki, gənclərimizin xaricdə magistratura təhsili ilə bağlı yeni dövlət proqramı da hazırlanır. Həmin proqram 2022-2026-cı illəri əhatə edəcək. Bu proqramların məqsədi Azərbaycan gəncliyinin müasir biliklərə sahib olmasıdır”.

O, Azərbaycanın gələcək inkişafı naminə müasir biliklərə yiyələnməyin, milli dəyərləri qorumağın, vətənpərvər olmağın gənclərimizin başlıca vəzifələrindən olduğunu diqqətə çatdırıb. Nazir müavini bu istiqamətdə gənclərə öz tövsiyələrini verib.

Konfransda çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, bu gün Azərbaycanda yeni bir nəsil formalaşıb. “Biz artıq 25 ildir Azərbaycanda Gənclər Gününü qeyd edirik. Bu, Ulu Öndərimizin gənclərə bir töhfəsidir. Ulu öndər Heydər Əliyev müdrik siyasi xadim, xalqını və millətini sevən böyük rəhbər kimi hər zaman Azərbaycan gəncliyinin inkişafının dəstəklənməsini ən başlıca prioritet hesab edib. Hətta ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ilk görüşlərdən birini məhz gənclərlə keçirdi, yaratdığı ilk qurumlardan biri də Gənclər və İdman Nazirliyi oldu. Bu onu göstərir ki, gəncliyin inkişafı Ulu Öndərimizin zamanından həmişə dövlətin ən başlıca prioritetlərindən biri olub”, – deyə nazir müavini bildirib.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev hazırda bu siyasəti uğurla davam etdirir, bu siyasət daha geniş vüsət alıb, müasir dünyanın çağırışlarına cavab verir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycanın gənclər siyasəti dünyanın bir çox ölkələri üçün qabaqcıl nümunədir və artıq bu nümunə öyrənilir. Dövlətimiz gənclər üçün bütün imkanları yaradıb. Gənclərimiz bu imkanlardan yararlanmalıdırlar. Nümunə olaraq Gənclər Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. Fond fərdi şəkildə gənclərin təqdim etdiyi layihələri qiymətləndirir. Bunun nəticəsində bir çox gənclərimizin bacarıqlarının şahidi olmuşuq. Eyni zamanda, biz 44 günlük Vətən müharibəsində gənclərimizin qəhrəmanlığının, şücaətinin şahidi olduq. Biz belə gəncliklə qürur duyuruq”.

Konfransda çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Xüsusilə gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı Zəfərin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb. Vətən müharibəsində Azərbaycan gəncliyini sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər. Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi. Prezident İlham Əliyevin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət Himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir.

Konfransda Yeni Azərbaycan Partiyasının üzvü olan fəal gənclər müxtəlif nominasiyalar üzrə YAP tərəfindən diplomlar və müvafiq qurumlar tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Sonra “Azərbaycan gəncliyi üçün yeni çağırışlar: Əsas prioritetlər” mövzusunda panel iclası keçirilib.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin moderatorluğu ilə keçən panel iclasında Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynov və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə çıxış ediblər. Çıxışlarda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından bəhs olunub.

Teqlər: