YAP-ın təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş videokonfrans keçirilib (FOTO/VİDEO)

Aprelin 27-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş “Nəsillərə nümunə ömür yolu” mövzusunda videokonfrans keçirilib.

AzerTimes xəbər verir ki, videokonfransda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir.

Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyeva Moskva şəhərindən vətənə qayıtdıqdan sonra Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb: “Apardığı tədqiqatların nəticələri Zərifə Əliyevanın uğurla müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edir. Ona görə bu fikir böyük inamla qeyd edilir ki, Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Tanınmış alim Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan sonra öz fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirib. Burada dosent, professor, daha sonra isə kafedra müdiri vəzifələrində işləyib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Alimin apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən böyük mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk alim qadın idi. Moskva oftalmoloji məktəbi Zərifə xanım Əliyevanı “oftalmologiyanın mirvarisi” adlandırmışdı”.

YAP sədrinin müavini diqqətə çatdırıb ki, akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin müəllifi kimi, eləcə də, çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb. Görkəmli alim həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışıb, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, o cümlədən “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.

Tahir Budaqov vurğulayıb ki, Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, cənab Prezidentimiz İlham Əliyevin anasıdır: “Ulu Öndər Heydər Əliyev dövlət işində, Zərifə xanım Əliyeva elm və səhiyyə sahəsində böyük uğurlara yol açaraq məktəb yaratdılar. Zərifə xanım cənab İlham Əliyev kimi övlad böyüdərək xalqımıza bəxş edib. Əbəs yerə ömür kitaba bənzədilmir. Bu kitabın çoxcildliliyi, böyük auditoriya üçün təqdimatı yaşanan ömrün mənalılığından, insanlar tərəfindən böyük sevgi ilə qarşılanmasından və xatirələrə çevrilməsindən asılıdır. Zərifə xanım Əliyeva bu sevgini qazanan, daim qəlblərdə yaşanan və hər zaman yaşanacaq şəxsiyyətlərdəndir”.

Daha sonra tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Nubar Haşımova məruzə ilə çıxış edib. Nubar Haşımova bildirib ki, Zərifə xanım Əliyeva vurğunu olduğu sənətinə məhəbbətinı öz tələbələrinə ötürməyi bacarırdı. Onun konfranslardakı dolğun, məzmunlu çıxışları daima axtarışda olan uzaq görən alimin, əsl vətəndaşın milli oftalmologiyanın gələcəyinə olan baxışları idi. Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşvlərini dünya miqyasına çıxara bilən yüksək ixtisaslı kadrların hazırlanmasında, dünya oftalmologiya elminə inteqrasiyada görürdü. Bu gün fəxrlə deyə bilərik ki, bütün bu ideyalar onun davamçıları tərəfindən böyük fəallıq, əzmlə yerinə yetirilir. Zərifə xanımın ideyaları bu gün də yaşayır, onun ruhu şaddır.

Nubar Haşımova qeyd edib ki, 2009-cu ildə Milli Oftalmologiya Mərkəzinin yaradılması bu ideyaların həyata keçməsinin bariz nümunəsidir: “Ən müasir diaqnostik və müalicə avadanlıqları ilə təchiz olunmuş mərkəzdə göz xəstəliklərinin diaqnostikası və müalicəsinin təşkili,yüksək cərrahi texnologiyanın tədbiqi üçün geniş imkanlar açıldı. Eyni zamanda, Mərkəzin texniki təchizatı müasir tibbi aparatlarla işləməyi bacaran mütəxəssislərin yetişdirilməsinı tələb edirdi. Gənc, istedadlı oftalmoloqlarımız dünyanın aparıcı oftalmoloji müəssələrində təcrübə keçərək yüksək cərrahi texnologiyanı tədbiq etməklə bu vəzifənin öhdəsindən bacarıqla gəldilər. Hazırda Milli Oftalmologiya Mərkəzində gözün ön və arxa hissəsinin cərrahiyəsi, o cümlədən kerotoplastika, lazer əməliyyatları müvəffəqiyyətlə həyata keçirilir. Hazırda milli oftalmologiya Mərkəzi Masallı, Gəncə, Şəki filialları ilə birlikdə sinxron işləyən nəhəng bir kompleksə çevrilmişdir.”

N.Haşımova söyləyib ki, akademik Zərifə Əliyevanın ideyalarının, arzularının davamçıları olan milli Oftalmologiya Mərkəzinin kollektivi bu böyük alimin, xeyirxah insanın adını daşımaq məsuliyyətini dərk edir, bununla fəxr edir.

Daha sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, hər bir xalqın tarixində olduğu kimi Azərbaycan xalqının da həyatında vacib rol oynayan, onun inkişafına, ictimai-siyasi həyatına, milli-mədəni və ailə dəyərlərinin möhkəmlənməsi işinə böyük töhfələr verən görkəmli şəxsiyyətləri, tanınmış elm və incəsənət xadimləri, dövlət adamları vardır. Bu gün adının və əməllərinin işığına toplaşdığımız, onu tanıyanların qəlbində, ilk növbədə, yüksək şəxsi keyfiyyətləri, səmimiyyət və mehribanlığı ilə silinməz izlər buraxan bir şəxsiyyətin, varlığından və şərəfli həyat yolundan qürurla danışdığımız Zərifə xanım Əliyevanın isə bu insanlar arasında özünəməxsus yeri vardır.

Bahar Muradovanın sözlərinə görə, ötən əsrin 50-ci illərindən geniş ictimaiyyətə əvvəl görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin qızı, daha sonra Ulu Öndər, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ömür-gün yoldaşı, nəhayət zəmanəmizin ən parlaq liderlərindən biri, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin anası kimi yaxşı tanış olan bu gözəl insan haqda danışmaq mənim üçün böyük şərəfdir: “Yəgin ki, taleyinə Tanrının bu üç qismətindən biri düşən hər hansı bir qadın özünü dünyanın ən şanslı insanlaından biri sanar, bu qisməti ilə öyünməyə haqqı çatdığını düşünərdi. Lakin qeyd etmək lazımdır ki, bü gün hələ sağlığında onunla bir yerdə çalışanlar, yol yoldaşı olanlar, heç olmasa onunla ünsiyyətdə olanlar bu sadə, təvazökar və geniş qəlbli xanımın daşıdığı bu təbii və qazanılmış titullarının yalnız məsuliyyətinin daşıyıcısı olduğunu hər zaman vurğulamaqdadırlar. Hələ gənc yaşlarından zamanın ziddiyyətli və insanı hər an sınağa çəkən sərt ideoloji şərtləri altında yaşamağa, mübarizə aparmağa, ədalətsizliklərlə çarpışmağa məhkum olan ailəsinin üzləşdiyi çətinlikləri öz üzərində hiss edən, nəciblik, sədaqət və fədakarlıq kimi keyfiyyətləri çətin şəraitdə öz simasında birləşdirməyin və məğrurluqla daşımağın örnəyini yaratmışdır. Həqiqətən də Zərifə xanımın nəsillərə nümünə olan ömür yoluna nəzər salan hər bir kəs ilk növbədə bu zərif Azərbaycan qadınının timsalında mənəvi zənginliyi ilə diqqətləri çəkən və bitkin xarakterə malik bir insanla üzləşir. Azərbaycan elminə sanballı töhfələr vermiş görkəmli elm xadimi bütün vəzifə və öhdəliklərinə vicdanla yanaşan vətəndaşla,dəyanətli ömür gün yoldaşı, fədakar ana ilə tanış olur. Onun ömür yolu hər bir insan, həkim, alim və ictimai xadim üçün kamillik məktəbidir. Bütün bu sahələrdə uğur əldə etmək, insanların sevgisini qazanmaq, mərhəmət və xeyirxahlıq ünvanına çevrilmək üçün sözün əsil mənasında yüksək mənəvi keyfiyyətlərə, Tanrının bəxş etdiyi qeyri-adi xüsusiyyətlərə malik olmaq lazımdır”.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu gün Zərifə xanımı seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan əfsanələrə bənzər həqiqətlərə görə tanıyan insanlar, ondar sonrakı nəslin nümayəndələri hörmət və sevgi ilə anır: “Zənnimcə, bütün parametrlər üzrə xarakteri və onun məzmunu ilə əsil azərbaycan xanımı obrazını müdrikliyi və mükəmməlliyi sahəsində özü öz boyuna biçmiş bu gözəl insanı müasir və gələcək nəsillər də hər zaman yüksək ehtiram və minnətdarlıq hissi ilə xatırlayacaqlar. Bir də ona görə xatırlayacaqlar ki, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin həyat yoldaşı, eləcə də müasir, qüdrətli və zəngin Azərbaycan dövlətinin qurucu lideri müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır”.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də, bəşəriyyətin sərvətidir. Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir.

Əhliman Əmiraslanov qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycanda gözü zədələyən və ağır nəticəyə səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparıb. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında maarifləndirmə aparırdı.

Akademikin sözlərinə görə, Zərifə xanım Əliyeva yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda da xüsusi xidmət göstərib. Zərifə xanım Əliyevanın bu sahədə gərgin fəaliyyəti tezliklə öz nəticələrini verdi. Belə ki, onun təklif etdiyi müalicə metodunun respublikada tətbiq olunması nəticəsində ölkəmiz bu xəstəlikdən xilas olub. Sonrakı illərdə Zərifə xanım oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirdi. Onun qlaukoma xəstəliyi ilə bağlı tədqiqatları klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə müsbət təsir göstərib.

Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına 1983-cü ildə müdir seçildikdən sonra Zərifə xanımın fəaliyyəti daha da genişlənib. O, həmçinin, görmə orqanının virusla zədələnməsinə həsr olunmuş çoxsaylı araşdırmaları ilə də oftalmologiya elminə töhfələr verib. Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunan maraqlı tədqiqatlar aparıb.

Videokonfransa yekun vuran YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, tədbirdə akademik Zərifə xanım Əliyeva haqqında çox maraqlı, dərin məzmunlu fikirlər səsləndi.

Bu gün Zərifə xanımın ruhunun şad olduğunu deyən Tahir Budaqov qeyd edib ki, son 18 ildə Ulu Öndər Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycanın daha da inkişaf edib çiçəklənməsinə, dünyada layiqli yer tutmasına nail olan, davamlı uğurların müəllifi onun əsl vətəndaş kimi böyüdüb boya-başa çatdırdığı və cəmiyyətimizə bəxş etdiyi övladı, möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu illərin ən böyük uğuru dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atması, 30 ilin işğalına son qoyub, ərazi bütövlüyümüzü təmin etməsidir. Cənab İlham Əliyevin adı tarixə qalib ölkənin qalib Sərkərdəsi kimi yazıldı.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun cənab İlham Əliyev kimi dövlətinin, xalqının gələcəyini düşünən, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan, qətiyyətli Lideri var: “O, Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alıb. Möhtərəm Prezidentimiz son 18 ildə atdığı addımların əsasında Heydər Əliyev siyasətinə sadiqliyin dayandığını, hər bir vədini əməldə təsdiqlədiyini göstərdi”.

Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Teqlər: