YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib.

AzerTimes-ın məlumatına görə, bir qrup YAP-çı gənc 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olub.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun şanlı Qələbəsinin bir növ canlı muzeyidir:

“Burada vətəndaşlarımız İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, pandemiyadan sonrakı dövrdə turistlərin ölkəmizə səfəri zamanı bu açıq muzeylə tanışlıqları onlara da imkan yaradacaq ki, şanlı tariximizlə daha yaxından tanış olsunlar. Aprelin 12-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Parkın açılışı baş tutdu. Cənab Prezidentin orada səsləndirdiyi fikirlər, eyni zamanda, 44 günlük müharibə dönəmində xalqımızın göstərdiyi birlik bugünkü Hərbi Qənimətlər Parkının yaradılmasının əsas səbəbidir. Hesab edirəm ki, bu Park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək”.

YAP GB-nin sədri bildirib ki, biz bu gün burada döyüş meydanında düşməndən alınan qənimətləri yaxından izlədik: “Düşünürəm ki, yeni dövr tariximiz digər təşkilatların nümayəndələri üçün də maraqlı olmalı, onlar da bu unikal Parkı ziyarət etməlidirlər”.

Postmüharibə dövrünün ən önəmli səhifələrindən olan Hərbi Qənimətlər Parkı ilə bağlı təəssüratlarını bölüşən YAP GB-nin üzvləri bu Parkın Azərbaycanın çağdaş tarixində önəmli yer tutduğunu qeyd ediblər. Uzun müddət bu günü gözlədiyini deyən YAP Gənclər Birliyinin üzvü Əkbər Cəlilov düşmənin illərdir müxtəlif vasitələrlə əldə etdiyi və gizlətdiyi hərbi texnikalarını bu gün burada canlı olaraq izləməyin çox sevindirici hal olduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində düşmənin hərbi texnikalarının əksəriyyəti Azərbaycan Ordusu tərəfindən darmadağın edilib və bir hissəsi qənimət kimi götürülüb. Bu hadisənin bizim üçün qürurverici hal olduğunu vurğulayan YAP GB-nin üzvü bir gənc kimi bundan sonra da Azərbaycan həqiqətlərini dünyaya çatırmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva isə Park haqqında təəssüratlarını bölüşərkən qeyd edib ki, Hərbi Qənimətlər Parkı Ali Baş Komandan cənab İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə rəhbərlik etdiyi ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. YAP-çı gənc vurğulayıb ki, ermənilər müharibədən əvvəl tanklarını Bakıya gətirəcəklərini bildirirdilər: “Amma onların tanklarının və digər hərbi texnikalarının Azərbaycan tərəfindən qənimət olaraq götürüləcəyini və ötən il Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında nümayiş etdiriləcəyini və bu gün burada sərgilənəcəyini heç ağıllarına da gətirmirdilər. Biz bu Qələbəni ordumuzun gücü ilə qazandıq. Düşünürəm ki bu Park bizim gənclərimiz üçün bundan sonra da inam nöqtəsi olacaq”.

Teqlər: