Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar bəyanat verib.
AzerTimes xəbər verir ki, bəyanatda deyilir: “30 ilə yaxın Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğal siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altında idi. BMT-nin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına və bu işğalın dayandırılmasına dair 4 qətnaməsinin qəbul edilməsinə, Azərbaycanın münaqişənin sülh yolu ilə uzun illər həll olunmasına dair səy göstərməsinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətinə davam edirdi. İşğalçılıq siyasəti təkcə döyüş meydanında deyil, həm də Azərbaycana qarşı ekoloji terror aparılmaqla da həyata keçirilirdi. İşğal dövründə Azərbaycanın təbii zənginliklərlə dolu Qarabağ bölgəsi ciddi ziyana məruz qalmışdır. Meşələr yandırılmış, çaylar zəhərli tullantılarla çirkləndirilmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq Azərbaycan Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatları keçirirək, 44 gün ərzində işğal altında olan torpaqlarını azad edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Həmin ərazilər işğaldan azad edildikdən sonra, ərazidə böyük quruculuq işlərinə başlanıldı, xüsusilə məhv edilmiş flora və faunanın bərpası istiqamətində ciddi işlər aparılır.”
YAP Gənclər Birliyinin bəyanatında qeyd olunur ki, Ermənistan tərəfindən ciddi çirklənməyə məruz qalmış çaylardan biri də Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən 83 kilometrlik uzunluğa malik olan Oxçuçaydır. Həmin çayın 47 kilometrlik hissəsi məhz Ermənistan ərazisindən keçir ki, bu da çayın çirklənməyə məruz qaldığı əsas yerdir. Burada fəaliyyət göstərən Zəngəzur mis-molibden zavodu çayın çirklənməsinin əsas səbəbkarıdır. Lakin buna baxmayaraq, şirkət bu məsuliyyətdən yayınmağa çalışır və həmin iddiaları qəbul etmir. Bir zamanlar əkinçilik məqsədləri üçün istifadə olunan və nadir balıq növlərinin olduğu bu çay indi yüksək səviyyədə çirklənməyə görə canlı aləmi məhv edir. Çayın suyu həddindən artıq zəhərli olduğuna görə burada heç bir canlı yaşamır və bu səbəbdən “ölü çay” adlanır.
“Zəngilan rayonu azad olunduqdan sonra ekoloqlar tərəfindən bu bölgədə ekoloji vəziyyətlə bağlı, xüsusilə Oxçuçayda suyun çirklənməsinə dair araşdırmalar aparılıb. 2021-ci ilin yanvar-mart aylarında sudan alınan nəticələr onu göstərir ki, burada yüksək miqdarda ağır metallar – mis, molibden, manqan, dəmir, sink və xrom vardır. Bu cür çirklənmə flora və faunaya ciddi zərər verməklə yanaşı, insan həyatına da xüsusi təhlükə yaradır. Suyun tərkibində qeyd olunan ağır metalların çoxluğu insan orqanizmində mədə-bağırsaq traktının pozğunluqlarından tutmuş böyrəklərdə və sümük toxumasında dağıdıcı proseslərlə bədənin ürək-damar, sinir və hematopoetik sistemlərinin pozulmasına qədər fəsadlara səbəb olur. Oxçuçaydan alınan nümunələr bir daha sübut edir ki, Zəngəzur mis-molibden zavodu bu çaya çirkli suyu təmizləmədən axıdır.”- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Bəyanatında belə deyilir.
Dünyada içməli suya təlabatın getdikcə artdığı xüsusi vurğulanan bəyanatda daha sonra bildirilir: “BMT-nin məlumatına görə, dünya əhalisinin təqribən 2,2 milyard nəfəri təhlükəsiz idarə olunan içməli suya sahib deyil. 2040-cı ildə qlobal su tələbatı 50% -dən çox arta bilər və 2050-ci ilə qədər ildə su çatışmazlığından əziyyət çəkən ərazilərdə yaşayan əhalinin sayı 5.7 milyard nəfərə çatacaq. 70% su ehtiyatlarının qonşu ölkələrin ərazisindən keçərək gəldiyi Azərbaycan üçün şirin su məsələsi çox aktualdır. Lakin Ermənistanın Transsərhəd Su Axınlarına dair Helsinki Konvensiyasına qoşulmaması onun beynəlxalq hüquq qarşısında məsuliyyət daşımaqdan boyun qaçırmasına şərait yaradır. Bu beynəlxalq sənəd transsərhəd səth və yeraltı sularının ekoloji cəhətdən etibarlı idarə olunmasına və qorunmasına yönəlmiş milli tədbirlərin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır.
YAP Gənclər Birliyi olaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ətraf mühitlə bağlı təşkilatları Ermənistanın əməllərinə qarşı laqeyd qalmamağa çağırırıq. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terror əməllərini kəskin şəkildə pisləməlidir. 30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı işğal siyasəti milyonlarla azərbaycanlının taleyinə ciddi təsir edib, onminlərlə insan qətlə yetirilib, yüzminlərlə insan yaşayış yerlərindən məhrum olunub. Bu təcavüzün ekoloji müstəvidə davam etməsinə təsirsiz qalmaq bütün dünya ictimaiyyətini narahat etməlidir”.