Şəhid ailələrini mütəmadi olaraq ziyarət edən, onların qayğıları və problemləri ilə maraqlanan YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev və təşkilatın nümayəndələri Novruz bayramı ərəfəsində İkinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının ailələrini ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərin xatirəsi yad edilib, qəhrəman oğulların haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdiyi, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olacağı qeyd edilib.
Naqif Həmzəyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirib, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətli olduğunu vurğulayıb.
Şəhidlərimizin döyüş yolundan söz açan ailə üzvləri əzizlərinin qəhrəmalığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirib, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.