2022-ci ilin yanvar ayında Azərbaycanda təxminən 2,9 milyon ton
neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
respublika üzrə neft hasilatının 1,8 milyon tonu
“Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in
payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7
milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 2,3 milyon ton neft (kondensatla
birlikdə) ixraca nəql olunub.
Bunun 2,2 milyon tondan çoxu konsorsiumun, 79,8 min tonu isə
SOCAR-ın payına düşür.
2022-ci ilin yanvar ayında ölkədə 4,1 milyard kub metr təbii qaz
hasil edilib.
Qazın 1,2 milyard kub metri AÇG-dən, 2,2 milyard kub metri
“Şahdəniz”dən, 0,7 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən
ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artımla qaz hasil
edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 2 milyard kub metr
təşkil edib. Türkiyəyə təqribən 0,8 milyard kub metr, Avropaya
təqribən 0,8 milyard kub metr, Gürcüstana isə 0,4 milyard kub metr
qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 0,5
milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara
veriləndən 01 fevral 2022-ci il tarixinədək 583 milyon ton neft
(kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 548
milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 35 milyon tona
yaxın kondensat çıxarılıb.
Yataqlar istismara veriləndən 2022-ci ilin 01 fevral tarixinədək
“Azəri-Çıraq-Günəşli”dən 191 milyard kub metrdən çox, “Şahdəniz”dən
isə 160 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə
“Şahdəniz” yatağından hasil edilən qazın təxminən 110 milyard kub
metrə yaxın həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvar ayında 583 min ton
təşkil edib.