Yanvar və fevral üzrə maddi yardımlar mart ayının pensiyası ilə birgə veriləcək

Prezident İlham Əliyevin yeni Sərəncamı əmək pensiyasına qulluq
stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular,
hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.)
xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
sərəncamla nazirlik 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş
qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə
aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə
alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.

Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay
onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral
ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə
veriləcək.

Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli
şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s.
qulluq stajına gorə əlavə almaq hüququ olmuş şəxslərin ailə
başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil
edilir.

Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın
2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının
tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.


Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə
pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün
dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu
maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə
edir.

Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial
islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir
irəliləyişi təmin edir.

Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla,
minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata
çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun
indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi
yardım (200 manat) ayrılıb.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial
ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon
şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1
mlrd. manat təşkil edir.

Teqlər: