Yanğından necə sığortalanmaq olar?

Dünən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun
Sənaye Parkı”nın ərazisində anbar yanıb. Bu hadisə bir daha yanğın
təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev
Trend-in sualına cavabında bildirib ki,
anbarların təhlükəsizlik məsələsi onların təyinatından aslıdır: “Bunlara misal olaraq qida məhsulları, qarışıq mallar, kimyəvi
tərkibli, xammal və.s məhsulların saxlandığı anbarları göstərmək
olar. Ümumiyyətlə, anbarların təhlükəsizlik məsələsi onun
yerləşdiyi yerdən, istifadə qaydalarından, təyinatından çox
asılıdır. Anbarlarda, birinci növbədə, yanğın qaydalarına ciddi
riayət olunmalıdır. Anbarlar tikilərkən yanğın təhlükəsizliyi
tədbirləri görülməlidir. Əgər anbarda kimyəvi tərkibli məhsullar
saxlanılırsa, mütləq qaydada avtomatik yanğınsöndürmə olmalıdır ki,
baş verən qığılcımı, yanğını anında söndürsün. Belə təhlükə riski
olan anbarlarda müasir texnologiyalardan faydalanıb, avtomatik
yanğınsöndürmə qurğuları quraşdırılmalıdır. Bundan başqa,
anbarların təhlükəsizliyinə görə ehtiyat su çəni, yanğın
hidrotları, yanğın dolabı, ilkin yanğınsöndürmə vasitələri,
siqnalizasiya mütləq olmalıdır. Bütün bunlar olmalıdır ki, baş
verəcək təhlükəyə müdaxilə anında olsun. Anbarlarda çalışan işçilər
yanğın qaydalarına mütləq şəkildə əməl etməlidirlər”.

Ekspert əlavə edib ki, ümumiyyətlə, hər malın kimyəvi
xassələrinə görə öz saxlama qaydası var: “Bəzən şahidi oluruq ki,
anbarlarda bu qaydalara riayət edilmədikdə yanğın qaçılmaz olur.
Anbarlarda tullantılar üçün xüsusi poliqonlar olur. Müəssislərdə
kimyəvi tərkibli tullantılar, məişət və xammal tullantıları eyni
yerə atılmamalıdır. Bunların daşınması xüsusi qaydada həyata
keçirilməlidir.Yanğınların əmələ gəlməsində oksigen, yanar maddə,
istilik elementləri yer tutur. Bunlar bir yerdə olarsa, yanğının
baş verməsi qaçılmazdır”.

Qeyd edək ki, dünən axşam saatlarından Sumqayıt şəhərinin Hacı
Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın
ərazisində başlayan yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən
görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində saat
08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və
müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan
olmayıb.

Teqlər: