FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında növbəti tədbir keçirib.
AzerTimes xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında SOCAR-ın “Azərneft” İstehsalat Birliyi, “Qaz İxrac” İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi həmçinin Bakı Şəhəri və Binəqədi Rayon İcra Hakimiyyəti strukturlarının və “Binagady Oil Company” şirkətinin nümayəndələrinin iştirakı ilə birgə nümunəvi tədbir keçirilib.
Tədbir Bakı şəhəri, Binəqədi rayonunun ərazisində, Binəqədi-Mehdiabad yolunun yaxınlığında yerləşən “Binagady Oil Company” şirkətinə məxsus 2-ci mədənin 3-cü sahəsində keçirilib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov bildirib ki, bu növ tədbirlər regionlarda mütəmadi olaraq bələdiyyə və icra hakimiyyətlərinin iştirakı ilə mütəmai olaraq keçirilir:
“Tədbirlərin keçirilməsində əsas məqsəd buradakı sakinlər də daxil olmaqla, geniş əhali kütləsini yanğın təhlükəsizliyi məsələləri ilə bağlı yanğın təhlükəsizliyi probleminin həlli istiqamətində təşviq etməkdir.
Respublika ərazisində kifayət qədər belə riskli ərazilər var. Bu ərazilərə yaxın məskunlaşmış sakinlər isə bizi təəssüf ki, təhlükəli faktorlarla üzləşdirirlər. Belə ki, onlar tikinti və məişət tullantılarını belə riskli ərazilərə atmaqdan çəkinmirlər. Məqsəd isə əhalinin belə faktlara göz yummamağa və həmin şəxsləri qınaq obyektinə çevirməkdir”.
Sözügedən ərazinin ümumi sahəsi təxminən 30 hektardır. Ərazidə 4 ədəd separator qurğusu, 5 ədəd neft quyusu, 3 ədəd inzibati bina və müxtəlif təzyiqli qaz kəmərləri mövcuddur. Həmin ərazi sənaye zonası olmaqla, yaşayış evlərinin neft quyularının yaxınlığında yerləşməsi baxımından riskli zona hesab edilir. Ərazidəki qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir. Bundan əlavə, yaxınlıqdakı fərdi evlərin sakinləri tərəfindən bu əraziyə məişət tullantıları, o cümlədən yanar materiallar atılır ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına şərait yaradır.
Qeyd olunanlar nəzərə alınaraq, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti qurumların, kommunal təsərrüfat işçilərinin dəstəyi ilə ərazinin kol-kos və qamışlıqdan, tullantılardan təmizlənməsi, o cümlədən neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin yanğından etibarlı mühafizəsi məqsədilə qabaqlayıcı tədbirlərə start verilib. İşlərə ilkin olaraq neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos və qamışlıq sahələrinin təmizlənməsi ilə başlanılıb. Sonra ərazidən keçən kommunikasiya və elektrik verilişi xətlərinin təhlükəsiz mühafizə zolaqları yaradılıb və ərazi məişət tullantılarından təmizlənib.
FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir.