Albaniyanın paytaxtı Tiranada minlərlə insan həftə ərzində
yanacaq qiymətlərinin 40%-dən çox bahalaşmasına etiraz əlaməti
olaraq nümayiş keçirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin bir neçə
şəhərini əhatə edən kütləvi etirazlar artıq dördüncü gündür ki
davam edir.
Tirana şəhərinin mərkəzindəki Skanderbeg Meydanına toplaşan
izdiham əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək
hökumət binası istiqamətində yürüş edib. Nümayişçilərdən ibarət
kiçik bir qrup əvvəlki etirazlarda həbs edilmiş onlarla insanın
azad edilməsini tələb etmək üçün polis idarəsinə yönəlib.
Nümayişçilər aztəminatlı ailələrə vurulan zərbəni azaltmaq üçün
vergiləri azaltmağa və yardım proqramları həyata keçirməyi tələb
edirlər.