Ermənistanın media sferasında yeni, təhlükəli tendensiya müşahidə edirəm və bu barədə danışmaq istəyirəm. Müxalifət kanalları Qarabağ ermənilərinin köçürülmədən əvvəl və ya köçürülmə zamanı azərbaycanlılar tərəfindən çoxsaylı işgəncələrə məruz qaldıqlarını bildirən materiallar yayıb.
AzerTimes xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazıb.
“Mənim çıxışım bu insanlara aid deyil, onlara deməyə sözüm yoxdur, çünki bilirəm ki, Qarabağ ermənilərinin hələ də həll olunmamış problemləri çoxdur. Amma mənim çıxışım bu həll olunmamış problemlərin həlli müqabilində insanları işgəncələrlə bağlı yalan ifadələr verməyə məcbur edən erməni mediasına aiddir. Bu ifadələr aşağıdakı səbəblərə görə yanlışdır:
Bir çox Qarabağ ermənisi ilə ünsiyyətdə olmuşam və onların heç biri azərbaycanlıların onlara qarşı pis münasibətinə belə eyham vurmayıb. Azərbaycanlıların gedən ermənilərə çörək-su payladığı, onlarla mehriban ünsiyyət qurduğu haqda Azərbaycan mediasının kadrlarını nəzərdə tutmuram. Yox, şəxsi təcrübəmə istinad edirəm, çünki əminəm ki, mənimlə danışan Qarabağ erməniləri həqiqətən də işgəncələrə məruz qalsalar, o zaman söhbətimizin ilk mövzusu bu işgəncə haqqında olacaqdı.
Bundan əlavə, sadə bir sual verirəm: bu adamların Ermənistan torpağına ayaq basdığı anda işgəncədən danışmağa nə mane oldu? Niyə bir ay sonra işgəncədən danışmağa başladılar? Qarabağlılar həqiqəti söyləməkdən qorxurdularmı? Əlbəttə yox.
Beləliklə, əminəm ki, baş verənlər Ermənistanın dövlətçiliyinə qarşı təxribatdır. Revanşist qüvvələr əbədi müharibədən ümidlərini üzmür və bu cür ucuz dezinformasiyalar yaymaqla ölkə daxilində azərbaycanlılarla sülhün əleyhinə olacaq ictimai əhval-ruhiyyə yaratmağa çalışırlar. Dövlət aparatının tam səmərəsizliyi şəraitində müharibə qüvvələri talan və alçaldılmış Qarabağ ermənilərindən alət kimi istifadə edərək yenidən nifrət yaradırlar. Bütün bunlarla təəccüb və dəhşətə gəlirəm ki, bunu müxalifət meydanına aid qüvvələr edir. Onlar nə edəcəklər və hökumət nə edəcək? Burada yeni müharibə və itkilər təhlükəsi varmı?” – o bildirib.