Yağış sularından istifadə ilə bağlı qanun layihəsi hazırlanır

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanda şirin su qıtlığının qarşısını almaq məqsədilə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun layihəsi hazırlanır. Bu layihəyə görə, yağış suyunun istifadəsi üçün bəzi binaların müvafiq yerlərində bu suyu toplaya bilən xüsusi aparatların quraşdırılması nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov deyib.

Onun sözlərinə görə, paytaxtın müxtəlif yerlərindən içməli sudan həm də texniki su kimi yaşıllıqların suvarılmasında və digər məqsədlərlə istifadə edilir. Yaşıllıqlarn suvarılması üçün ən yaxşı yol isə yağış sularından istifadə etməkdir:


“Məsələn, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yağan yağışları toplayaraq onları su anbarlarında saxlamaq olar. İri asfalt yolların kənarları ilə yağış sularını yığan drenlər çəkilmişdir. Amma onlar düzgün işləmədiyindən azacıq yağış yağan kimi yollarda tıxaclar, subasmalar yaranır”.

M.İsmayılov qeyd edib ki, hər bir binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığıb saxlamaqla, həmin suyun hesabına yay aylarında yaşıllıqları suvarmaq olar. Bununla da içməli suya 30-40% qənaət etmək olar.

Teqlər: