“Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur – Direktor

“Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur – Direktor

“Azərbaycanfilm”in monopolist olması ilə bağlı xoşagəlməyən fikirlər səslənir. Bu doğru deyil.

AzerTimes xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov deyib.

O, 5 il ərzində dövlət büdcəsindən ayrılan maliyyədən “Azərbaycanfilm”in payına düşən hissəsinin hesabatını verib:

“2018-ci ildə dövlət büdcəsindən kinoya 1,5 milyon ayrılıb, onun “Azərbaycanfilm”ə verilən qismi 372.780 manatdır. O da ümumi büdcənin 24.9 faizini təşkil edir. 2019-cu ildə kinostudiyaya 1 milyon 432.222 manat ayrılıb, bu, ümumi büdcənin 22 faizini təşkil edir, 2020-ci ildə 4 milyon 524 min manatdan kinostudiyaya 658.927 min manat ayrılıb, ümumi büdcənin 14.6 faizindən söhbət gedir. 2021-ci ildə 6 milyon 500 min manatın 3 milyon dan bir az artıq hissəsi ayrılıb. Sualım var: hansı monopoliyadan söhbət gedə bilər?

Orman (Bakı Media Mərkəzinin direktoru Orman Əliyev – red.) müəllimə böyük hörmətlə yanaşıram, amma demək istəyirəm ki, “Azərbaycanfilm” qutu deyil. “Azərbaycanfilm” burda əyləşən və mənimlə 10 ildən çox əməkdaşlıq edən adamlardır.

Bu insanlar illər boyu istilik sistemi görməyiblər. 2021-ci ildə biz kinostudiyanın bir dəhlizini təmir edə bildik. Buna görə Mədəniyyət Nazirliyindən 1 manat da vəsait almadıq. İstilik sistemi quraşdırdıq”.

O bildirib ki, əksər dövlət studiyaları bağlanıb: “Hazırda iki dövlət studiyası fəaliyyət göstərir – “Salnamə” və “Azərbaycanfilm”. Qalan studiyaların hamısı bağlanıb: “Yaddaş”, “Mozalan”, “Debüt” artıq yoxdur.

Ayrılan büdcənin xərclənməsində ən qısa və şəffaf yol dövlət özəl studiyalarla tədbirlərin keçirilməsini faiz dərəcəsi ilə paylaşmaq, pitçinq, müsabiqə vasitəsilə o maliyyəni səmərəli istifadə edib normal filmlər ərsəyə gətirməkdir. Biz “Azərbaycanfilm” olaraq iki müsabiqə keçirdik. İndi ötənilki müsabiqənin qalib layihəsinin rejissor ssenarisinin yazılışı prosesi gedir. Yəni hazırlıq mərhələsindədir. Bir sözlə, iş gedir, biz dayanmırıq. Biz nəsə etməyə çalışırıq. Amma bizə də kömək edin”.

Qeyd edək ki, Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunu keçirilir. Forum bu gün başa çatacaq.

Teqlər: