İranda 14-cü prezident seçkilərində Təbrizin millət vəkili Məsud Pezeşkianın namizədliyini irəli sürməsi Güney Azərbaycan və ümumiyyətlə İranda yaşayan türklərin müasir tarixində daha bir yaddaqalan mərhələnin başlanmasına səbəb olub.
AzerTimes xəbər verir ki, bu, İran səviyyəsində Azərbaycan məsələsinin, türklərin milli hüquqları və kimlikləri ilə bağlı tələblərinin hər hansı formada hallanması ilə bağlıdır.
Məsud Pezeşkianın prezident seçiləcəyi təqdirdə belə hansısa möcüzə edə, İranda hakim olan sistemin dəyişdirilməsi və ya islahatı üçün ciddi addım ata bilməyəcəyi bəri başdan məlumdur. Pezeşkian da başqa namizədlər kimi ölkədə dini liderin mütləq hakimiyyətini diktə edən və dinin, onun təmsilçisi olan ölkə rəhbərinin hegemonluğunu təsbit edən 110-cu maddəni (Vilayəti Fəqih) ya könüllü və ya məcburi şəkildə qəbul edib. Həmin institut ləğv edilməyənə, ölkədə din siyasətdən ayrılmayana, hakimiyyətdən düşməyənə qədər İranda ciddi dəyişiklik gözləmək mümkün deyil.
İndiki vəziyyətdə heç bir repressiya və korrupsiyada adı hallanmayan Məsud Pezeşkianın namizədliyini irəli sürməsi İranda yaşayan türklərin özünə inam, özünə güvən və milli kimlikləri ilə bağlı məsələlərinin daha geiş səviyyədə müzakirəsinə, gündəmə gəlməsinə yol aça bilərdi. Ancaq bu dəfə də azərbaycanlılar təşkilatlanmış şəkildə hərəkət etmədikləri üçün yaranmış qızıl fürsətdən kifayət qədər istifadə edə, ölkə səviyyəsində tələblərini daha yüksək kürsülərdə hallandıra bilmədilər.
Xüsusən xaricdə yaşayan bir sıra azərbaycanlı, milli düşərgəyə mənsub şəxs və qurumların bir qismi ümumiran müxalifəti ilə eyni mövqedən çıxış edib, onların dedikləri və tələblərini təkrarlayıb, seçkiləri boykot məsələsindən belə yetərli istifadə edə bilmədilər.
Pezeşkianın 26 iyunda Təbrizə səfəri isə bir sıra məqamlara aydınlıq gətirdi: seçkiləri birmənalı olaraq boykot edən türklərin Məsud Pezeşkianı qarşılamağa getməsi, onların İranda prezident seçkilərinə deyil, yaranmış imkanlardan istifadə edərək hüquqlarını ifadə etməyə fürsət axtardıqlarını göstərdi.
Həmin görüş və seçki mitinqində iştirak edənlər yerli mediaya verdikləri müsahibələrində bunu dilə gətirib, seçkilərin nəticələrindən müsbət nəsə gözləmədikləri halda, azərbaycanlıların tələblərinin səsləndirilməsində maraqlı olduqları üçün Pezeşkianı qarşıladıqlarını bildirdilər.
Həmin görüşdə şüarlar formasında irəli sürülən tələblər və azərbaycanlı namizədin bunu qəbul etməsi, onların həlli üçün çalışacağı isə bütün çatışmazlıqlara baxmayaraq, müsbət addım kimi dəyərləndirilə bilər.
Görüş mitinqində Məsud Pezeşkian Urmiya gölünün bərpası, Vərziğanın Süngün mis mədəninin qeyri-azərbaycanlılar tərəfindən talanması, Təbriz təmsilçisi “Traktor” futbol klubunun problemlərinin həlli, qadınların, müəllimlərin və tələbələrin hüquqlarının təmin olunması barədə vəd verdi.
Bunlar azərbaycanlıların çoxsaylı probleminin sadəcə bir qismidir və əlbəttə ki, onların həll edilməsi ilə belə hər şey bitmiş hesab edilə bilməz. Ancaq indiki şəraitdə, Pezeşkiana qarşı bütün cinahlardan təzyiq və hücumların olduğu bir zamanda bu məsələlərin yüksək tribunadan səsləndirilməsi yaxşı haldır.
Bütün bunlara baxmayaraq, İranda istənilən seçkini boykot etmək, rejimin legitimliyinə icazə verməmək ən doğru seçimdir.
Sadəcə boykot etməyib və səsvermədə iştirak edənlərin Məsud Pezeşkiana səs vermələri məqbuldur.
Qeyd edək ki, İranda prezident seçkiləri bu gün keçirilir.