XX əsrin faciəsi: Xocalı soyqırımından 30 il ötür

Bu gün Xocalı soyqırımından 30 il ötür. Erməni vandallarının 30
il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımza qarşı
törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının
xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə
anılır.

AzerTimes-ın
məlumatına görə, bu il ilk dəfədir ki, həmin insanların ruhunu həm
də bir qalib xalq kimi anacağıq, artıq özümüzdə təsəlli tapırıq ki,
həmin insanların ruhu şaddır, Vətən müharibəsində qələbəmiz həmin
insanların narahat ruhlarına da bir rahatlıq gətirib. Biz artıq o
insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib
xalq kimi anırıq. Ötən il sentyabrın 27-dən başlayan Vətən
müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44
günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal edilmiş
əraziləri işğaldan azad edilib, qüdrətli Azərbaycan Ordusunun
qarşısında aciz qalan Ermənistan kapitulyasiya aktına imza atmağa
məcbur olub.

Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir
cinayət idi. Hələ 1991-ci ilin oktyabr ayından şəhər tamamilə
Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci
ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya
zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin
366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər.
İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc
əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya
olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz
qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın
taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə
yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq
valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini
itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə
verilməklə vəhşicəsinə öldürüldü.

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin
səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı
faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir
ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və
təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin
tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü
qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə
yönəlmişdi.

Azərbaycana qarşı davam edən təcavüz fonunda Ermənistan
tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və
Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn,
xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin
Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki
və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və
Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər
Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza
növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının
ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları
haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların
müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir
sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı
tam sübuta yetirilib və onların Azərbaycan Cinayət Məcəlləsinin
soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə
zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər
cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq
qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə
yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699
zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən
artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq
hərəkətləri icra edilib.

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc
tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi
şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli
822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı
beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə
pisləyib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il
tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda
iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq
əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi
qiymətləndirərək mühüm nəticəyə gəlib.

Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin
işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına
170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və
ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda mayor Ohanyan
Seyran Mişeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci
batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1
saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda
xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak edib
(“Xocalının işğalına dair istintaq materiallarından”).

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq
istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən,
dörd gün ərzində yalnız Ağdama Xocalıda qətlə yetirilmiş 200
azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz
qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (13-ü uşaq olmaqla
130 kişi və 51 qadın) məhkəmə-tibbi ekspertizadan keçirilib.
Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə
yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər
küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın
baş dərisinin soyulması faktını da qeydə alıb.

Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki
müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya
jurnalisti Tomas de Vaala müsahibəsində demişdi: “Xocalıdan qabaq
azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra
bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal,
Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu
York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh.
172).

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni
millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub,
qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər
tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet
dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min
azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi
torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu və
bununla da Ermənistan monoetnik dövlətə çevrildi.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr,
erməni ideoloqların “dənizdən dənizə Ermənistan” adlı sərsəm
ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on
minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz
tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq
Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinayət və
vəhşiliyə hazır olduqlarını nümayiş etdirirdi. XX əsrin faciəsi
olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin
nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan
xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır
cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima,
Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada
dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu,
bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət
olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər
tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək
məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o,
Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və
mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət
tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının
kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri,
həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf
dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.
Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv
edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı
qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni
vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə
qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı
sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük
Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə
ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini
Səriyyə Talıbova danışırdı ki, “4 məshəti türkü və 3
azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra
daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici
hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və
bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb,
hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda
istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi
silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə
Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd
olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini
təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü,
ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı
olan jurnalist və publisistləri dəhşətə gətirib.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri
qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz
olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli
Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması
haqqında Konvensiyanı rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin
Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara
malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına
qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı
törədilib. Yaxın keçmişdə Ermənistanda mühüm dövlət postlarını
tutmuş Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və
digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq
məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü
dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq
təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın
Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı
soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidir.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam
Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin
şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq
əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və
qərarlar qəbul ediblər.

Teqlər: