Xüsusi təyinatlılar şanlı hərb tariximizdə böyük bir məktəbin əsasını qoydular – Səttar Möhbalıyev

“Azərbaycanın hər bir uğurunun və əldə etdiyi nailiyyətin
arxasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm təməllər
dayanır. Onun xalqımızın rifahı, dövlətimizin inkişafı, Vətənimizin
qorunması üçün atdığı bütün addımlar möhtərəm Prezidentimiz İlham
Əliyev tərəfindən layiqincə davam etdirilərək öz hədəfinə çatmış
oldu. 1999-cu ildə Azərbaycan Ordusunun ən çevik və peşəkar döyüş
qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması və
onların hərb tariximizdə oynadığı rol Heydər Əliyevin nə qədər
uzaqgörən və dahi şəxsiyyət olduğunu bir daha ortaya qoyur”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

Onun sözlərinə görə, Xüsusi Təyinatlı Qüvvələrin yaradılması
ümumilikdə tarixi bir hadisə idi: “Proseslərin sonrakı gedişi
dediklərimizi təsdiqləyir. 2016-cı ilin Aprel döyüşləri Ordumuzun
bu bölməsinin gücünü, peşəkarlığını, yüksək döyüş ruhunu əyani
olaraq həm işğalçı Ermənistana, həm onların havadarlarına, həm də
bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə böyük qəhrəmanlıq
göstərən xüsusi təyinatlılar Ordumuzun digər bölmələri ilə birlikdə
düşmənin dərsini layiqincə verdilər. Yarandığı gündən Xüsusi
Təyinatlı Qüvvələrə dövlətimiz tərəfindən böyük diqqət göstərilib.
Onların dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı
olan müasir silahlarla, döyüş vasitələri və texnikalarla təchizi
üçün hər cür şərait yaradılır. Yerli sənayemizin istehsal etdiyi
məhsulların da Xüsusi Təyinatlı Qüvvələrimizin güclənməsində
müstəsna əhəmiyyəti var, həmin məhsulların effekti döyüşlərdə çox
böyük olub”.

“2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan
Vətən müharibəsi xüsusi təyinatlılarımızın qəhrəmanlıq
salnaməsidir. Onların nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti
bütün dünyaya səs saldı. Müharibənin hər günü yalnız irəli
gedirdilər, bir addım da olsun geri çəkilmədilər. Səhra, dağ, qaya,
isti, soyuq demədən, iqlimin və relyefin hər cür sərt üzünə hazır
olan Xüsusi Təyinatlı Qüvvələrimiz cəmi 44 günə düşmənin dizini
yerə qoydu. Hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri azad
etməklə xalqımıza böyük sevinc bəxş edirdilər. Şuşa əməliyyatı isə
onların peşəkarlığının və yüksək döyüş qabiliyyətinin təntənəsi
oldu. Onlar dağları aşaraq, qayalardan dırmanaraq Şüşaya çıxdılar,
yüngül silahlarla, əlbəyaxa döyüşlə, şəhərin tarixi görkəminə zərər
verməməklə oranı azad etdilər. Bir sözlə, Qarabağ dastanının
müəlifi oldular, xalqımızı məğlub girdabından xilas etdilər. Onlar
göstərdikləri qərəmanlıqlarla şanlı tariximizdə böyük bir məktəbin
əsasını qoydular: Vətəni bütün qəlbi ilə sevmək, hər zaman onun
müdafiəsinə hazır olmaq, bu yolda heç nədən qorxmamaq və
çəkinməmək. İnanırıq ki, xalqımızın gələcək nəsilləri bu məktəbi
dərindən öyrənəcək və bundan layiqincə bəhrələnəcəklər”, – Milli
Məclisin deputatı deyib.

“Aprelin 30-da müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü
münasibətilə keçirilən tədbirdə Ordumuzun bu bölməsinin
peşəkarlığından, yüksək döyüş hazırlığından, vətənpərvərlik
hissindən söz açdı, Vətən müharibəsindəki qəhrəmanlıqlarından bəhs
etdi. Dövlətimizin başçısının xüsusi təyinatlılarla fəxr etdiyini
bir daha qeyd etməsi, təbii ki, onların fəaliyyətinə verilən ən ali
qiymət və böyük dəyərdir. Əminik ki, xalqımız onların
qəhrəmanlıqlarını heç zaman unutmayacaq, həmişə böyük fəxarətlə
xatırlayacaq. Dövlətimizin başçısı xüsusi təyinatlıların sayının
İkinci Qarabağ müharibəsindən bu yana 2 dəfə artırıldığını
bildirdi. Həmçinin hərbi xərclər də davamlı olaraq artırılır. Bu,
onu göstərir ki, Azərbaycan bundan sonra da müdafiə məqsədilə hərbi
qüdrətini davamlı olaraq artırmaqda davam edəcək. Bu gün
Ermənistanda Azərbaycana qarşı ərazi iddialarından hələ də əl
çəkməyən, revanşist düşüncə ilə yaşayan insanlar anlamalıdırlar ki,
onları hansı tale gözləyir. Bunun üçün onlar 44 günlük Vətən
müharibəsində döyüş meydanından qaçmaqla canını güclə xilas etmiş
erməni əsgərləri ilə söhbət apara bilərlər”, – AHİK sədri fikrini
belə tamamlayıb.

Teqlər: