Xüsusi təyinatlı texnikaların hərəkətinə süni maneələrlə bağlı reyd keçirilib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının
hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan
qaldırılması üçün reydləri davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, 21 aprel
2022-ci il tarixində Xidmət əməkdaşlarının paytaxtın Nizami rayonu
ərazisində keçirdikləri reydlər zamanı binaların bilavasitə
yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton
parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin
tutulması, o cümlədən şlaqbaumların quraşdırılması aşkar edilib.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin
maneələr demontaj olunub, vətəndaşlarla maarifləndirici söhbətlər
aparılıb.

Reyd zamanı DYNX-nin məsul əməkdaşları vətəndaşlara fərdi və
ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə
biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə
bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək
addımlardan çəkinməyi tövsiyə edib və xatırladıb ki, Azərbaycan
Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və
qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su
mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və
girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət
yaradır.

Teqlər: