Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərildi. Xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçiriləcək. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.

AzerTimes-ın Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə istinadən verdiyi məlumata görə, namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki “Təhsil haqqında məlumatlar” bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.


Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.

Teqlər: