Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd
edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncamda deyilir:
“2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması
Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.
Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini
doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa
məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar
şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni
həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist
təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət
mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan
ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır.
İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq
poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran
və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə
malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir.
Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl
ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü
təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində
saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə
bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə
Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin
iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı
qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı
tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən
güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində
şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra
əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən
ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü,
eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və
mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan
Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu
Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin”.