Xuraman illər sonra AÇIQLADI: “Anam vəsiyyət etmişdi ki…”

“Əhd etmişdim ki, Şuşa alınsın, Gövhər Ağa məscidinə gedib orada namaz qılacam, sonra doğmalarımın məzarını ziyarət edəcəm. Şükürlər olsun ki, artıq Şuşa özümüzə qayıdıb. Çox istəyirəm ki, Şuşaya gedim, məsciddə namaz qılm, əsgərlərin qarşısında da konsert verim”.

Bunu Yenicag.az-a açıqlamasında Şuşada doğulan və uşaqlığını orada keçirən müğənni Xuraman Şuşalı deyib.

Sənətçi dünyasını dəyişən anasının vəsiyyətini xatırlayaraq göz yaşına boğulub:

“Şuşadan çıxanda atamla anam yaralanmışdı. Atam 3 il yataq xəstəsi oldu və dünyasını dəyişdi. Anam bir qədər çox yaşadı. Hər ikisi Şuşa həsrəti ilə haqqın dərgahına qovuşdu. Anam vəsiyyət etmişdi ki, məzarı üstünə Şuşadan gətirilmiş torpaq və su səpək. Bir nəfər yaxın adam Şuşadan torpaq və su gətirdi, anamın vəsiyyətini yerinə yetirdik. Anam Şuşa niskili ilə yaşayırdı. Həmin vaxt Şuşanın alınmasını bilmirdik, bir gün sonra elan olunacaqdı. Bacım yuxusunda görüb ki, anam ona deyir, payımı niyə gətirmirsiz? Mən bacıma zəng edib muştuluqlayanda ki, Şuşa işğaldan azad olunub, o, yuxusunu danışıb ağladı. Dedim, daha niyə ağlayırsan, artıq Şuşa işğaldan azad olunub. Atamla anamın ruhu indi şaddır”.

Cəvahir

www.yenicag.az