Xudavəng monastırında şəhidlərimizin xatirəsi yad olunub (FOTO)

Ermənistan işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində 27 sentyabr – Anım Günü ilə əlaqədar dini mərasim keçirilib.

AzerTimes-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə 27 sentyabr – Anım Günü münasibətilə Alban-Udi xristian dini icmasının üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin Kəlbəcər rayonunda yerləşən Xudavəng monastır kompleksinə səfərləri təşkil edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, Vətən müharibəsinin başlanmasının ildönümündə burada olmaq, xüsusən də Alban-Udi xristian dini icmasının üzvləri tərəfindən Xudavəng monastırında dualar oxumaq uzun illərdən sonra baş verən çox əhəmiyyətli hadisədir: “Bu, xalqımızın böyüklüyünün və öz mənəvi mirasına sadiqliyinin təzahürüdür”.

Xudavəng monastırını ziyarət edən icma nümayəndələri burada dini ayinlər icra edib, Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxuyublar.

“Udinlər uzun müddət idi ki, bu monastırı ziyarət edə bilmirdilər. Ordumuz torpaqlarımızı düşmən tapdağından xilas etdikdən sonra ilk dəfə ötən ilin dekabrın 6-da bura gəldik. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Çünki, ölkəmizdə formalaşmış bu multikultural cəmiyyətin banisi məhz odur. Onun rəhbərliyi ilə bu gün bütün xalqlar Azərbaycanda qardaş kimi yaşayır. Burada şəhidlərimizin ruhuna dualar oxuduq. Qazilərimizə Uca Tanrıdan cansağlığı dilədik. Allah ordumuzu və dövlətimizi qorusun,” – deyə Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari bildirib.


Kəlbəcərin Vəng kəndindəki Xudavəng bölgənin ən böyük alban məbədi və əhəmiyyətli memarlıq abidəsidir. Məbədin əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaradılmış Alban Xaçın Knyazlığının dini mərkəzi olaraq qalıb. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə qalxdı. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun Zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Həmvətənlərimiz şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. 44 günlük Zəfər yürüşündə torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Teqlər: