“Xudafərin” və “Qız Qalası” stansiyaları sayəsində enerjisi istehsalı 716 milyon kilovat-saata çatacaq – Nazir

Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcəyik.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan və İran İslam Respublikasının hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasimdə deyib.

Pərviz Şahbazov çıxışında Araz və Mil-Muğan su anbarlarını ölkələrimiz üçün sosial-iqtisadi obyektlərdən daha çox uzunmüddətli əməkdaşlıq körpüsü adlandırıb: “Araz və Mil-Muğan su anbarları, “Araz” SES, eləcə də Araz çayı üzərində yeni layihələrin nümunəsində əminliklə deyə bilərik ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə birgə əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Yarım əsr ərzində bu infrastrukturlar paritet əsasda hər iki ölkənin maraqlarına xidmət edərək Azərbaycan-İran təcrübəsində transsərhəd sularından istifadənin də örnək modelini formalaşdırıb”.

Nazir Pərviz Şahbazov mürəkkəb bir dövrdə belə strateji əhəmiyyətli layihələrin ərsəyə gəlməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolunu vurğulayıb. Azərbaycan tərəfi üçün ümumi gücü 22 MVt olan “Araz” SES-in o dövrdə ölkəmizin enerji təminatına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Energetika naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionda yeni reallıqlar yaradan siyasəti nəticəsində hazırda Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsi ilə bağlı əməkdaşlığımız “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də digər layihələrlə genişlənərək yeni inkişaf mərhələsinə daxil olub. “Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və tarixi sərhədlərinin bərpası ilə regionda yaranmış yeni geosiyasi reallıqlar və təhlükəsiz inkişaf mühiti bu layihələrin icrası istiqamətində maneələri artıq aradan qaldırıb. Bu layihələrin icrası uzaqgörən siyasətin, dəqiq hesablanmış strateji yanaşmanın məhsulu olmaqla bərabər hər iki dövlət üçün Araz çayının əhəmiyyətini daha da artırır. Yaxın gələcəkdə ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyaları tikiləcək. Nəticədə biz ildə ümumən 716 milyon kilovat-saat elektrik enerjisi istehsal edə biləcəyik.”

Teqlər: