“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tamamlanması ilə bağlı Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrasının gedişinin müzakirəsi məqsədilə 2022-ci il 18-19 yanvar tarixlərində “Qız Qalası” hidroqovşağında Komissiyanın Azərbaycan və İran tərəfindən üzvlərinin görüşü keçirilib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq, icrası yekunlaşdırılmış və bundan sonra görüləcək işlərlə bağlı müzakirələr aparılıb, gündəlikdə duran məsələlər üzrə razılıqlar əldə edilib.


Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaq və su elektrik stansiyalarının inşası prosesinin sürətləndirilməsi üçün səylərin artırılması qərara alınıb.

Teqlər: