Xüsusi təyinatlılarımız fəxrimiz Hikmət Mirzəyevin rəhbərliyində Araz sahilində təlimlərə başlayıb. Bunun ardınca sosial şəbəkələrdə Azərbaycanın İranın meydanoxumalarına xüsusi təyinatlılarla cavab verdiyi haqda fikirlər tirajlanmaqdadır.
Razılaşmıram – Azərbaycan xüsusi təyinatlıları Araz sahilinə heç vaxt O Taya əzələ nümayiş etdirmək üçün getməzlər.
Əvvəla, unutmayın ki, İran ordusu dünyanın ən qüdrətli ordularından biridir. Çünki bu ordunun özəyini Azərbaycan türkləri təşkil edir. İran idarəetmə sisteminə bələd olanlara bəllidir ki, İran ordusunun 70-80 faizi azərbaycanlılardan ibarətdir.
İran “islam dövlətinə” çevrilən kimi, yəni üsyan-qiyamdan və Şahı qovmasından dərhal sonra İraqla ağır savaşa girmişdi: məğlub olmadı, əksinə, müharibəni İraqın ərazisinə keçirmişdi. Çünki İran ordusunun o vaxt da avanqardı türklər idi – “canbazlar”… – Vətəni saydıqları dövləti qorumaq uğrunda canlarından keçən Azərbaycan türkləri.
İkincisi, unutmayın ki, Araz sahilinə Azərbaycan Cümhuriyyətinə hədə üçün təlimə gətirilən İran ordusunun əsgərlərinin Bozqurd işarəsi ilə paylaşdığı fotoları təkcə biz görməmişik – İran hakimiyyətinin yüksəkvəzifəliləri də görüb və onlar yaxşı bilirlər… Lap yaxşı bilirlər ki, əsgərləri bir-birinə zəncirləyərək – yəni məcburi döyüşə aparanda özündən onqat az olan Makedoniyalı İsgəndərin ordusuna çox biabırçı şəkildə uduzursan, imperiyan darmadağın olur…
Azərbaycan Arazdan O Taya bir güllə də atmaz, atdırmaz – necə ki, 31 ildə heç vaxt buna imkan verməyib! Çünki Arazın O Tayında, ta Tehrana qədər bir adamın burnu qanasa, bizim üzərimizə ox batar.
Bəs, Azərbaycan xüsusi təyinatlıları niyə Araz sahilinə getdi, əgər İrana meydanoxuma deyilsə…
Hə, bunun çox böyük, min illik tarixi var.
Dünya tarixini dəyişən döyüşlərdən biridir Malazgird savaşı – yəqin xatırlayarsınız. Bizans imperatoru IV Diogen Sultan Alp Arslanın Misirdə olduğunu düşünərək, 300 minlik ordu ilə Səlcuq dövlətinin varlığına son qoymaq üçün hücuma keçmişdi. Tarixə-taleyə baxın ki, Diogen ordusunun da hücum istiqaməti Azərbaycan idi.
Alp Arslan cəmi 30 minlik, yüngül geyimdə olan əsgərlərlə sürətlə geri dönür və Malazgirddə ordular üz-üzə gəlir. Təsəvvür edirsinizmi – 300 minlik, təpədən dırnağa qalın zirehlərlə örtülü – yəni türk oxlarını karsız edən orduya qarşı yüngül zirehli 30 minlik türk…
Alp Arslanın həmin döyüşdə ağ paltar – yəni kəfənini geyindiyi, ölümünə döyüşə girdiyi, əsgərlərinə böyük örnək olduğu, “Aypara taktikası”ndan (türklərin məşhur döyüş üsulu – Qarabağ savaşında Ordumuz da tətbiq etmişdi) istifadə etdiyi, hücuma keçəndən sonra dərhal geri çəkilib, düşməni içəri girməyə vadar edib, cinahlardan yağdırılan oxlarla döyüşdə üstünlüyü ələ aldığı bildirilir.
Ancaq döyüşün taleyini həll edən tamamilə başqa olaydır.
Diogenin ordusunun qabaqcıl, həmlə dəstəsi və əsas gücü peçeneq və qıpçaqlardan təşkil olunmuşdu. İmperiyanın müttəfiqləri olan peçeneq və qıpçaqlar Diogenin ordusunda hücuma qoşulmuşdular.
Tarixin təkərini dəyişən bu olayla bağlı fərqli bəlgələr var: bəzilərinin sözlərinə görə, döyüş zamanı Səlcuq komandanların əmrləri türkcə verdiklərini görən peçeneq və qıpçaqlar təəccüblənir, qarşılarında türklərin olduqlarını anlayır və səlcuqlara qoşulurlar.
Bir az çətin inanılan məsələdir – döyüşün qızğın çağında yerdəyişmə inandırıcı gəlmir.
Peçeneq və qıpçaqların qardaşlarına qoşulması hadisəsinin ən ağlabatan variantı isə budur: döyüş gecəsi Səlcuq çadırlarının önündə ozan-döyüşçülər döyüş ruhunu qaldırmaq üçün halay qururlar, çalıb-oxuyurlar, tonqal ətrafında türk gələnəyinə uyğun yallı gedir, dualar edirlər və bunu görən peçeneqlər-qıpçaqlar təəccüblənirlər, “öz dilimizdə danışan, bizim adətlərlə yaşayan, bizim kimi geyinənlərə qılınc çəkə bilmərik” deyib, tam şəkildə səlcuqların tərəfinə keçirlər…
Bizim Arazın sahilində qopuz çalmamıza, şərqi söyləməmizə qəti ehtiyac yoxdur – 40 milyonluq güneyli Arazın Bu Tayında kimlərin yaşadığını yaxşı bilirlər. Elə bildikləri üçün də Təbriz, Ərdəbil küçələrini İlham Əliyevin posterləri ilə bəzəyiblər…
XTQ Araz sahilinə yalnız ona görə getdi ki, hər yerə İlham Əliyevin fotolarını vuran O Taydakı qardaşlarımız Şuşanı alan Qurdlarla bir daha fəxr etsinlər, qürurlansınlar – necə ki, 44 günlük savaşda Arazın sahilinə düzülüb, Ordumuz üçün şərqilər oxuyurdular, alqışlayırdılar.
Hə, bir də XTQ ona görə Araz sahilindədir ki, mollabaşlara Diogeni, Malazgirdi və Səlcuq imperiyasının paytaxtlarından birinin həm də hazırda hökmranlıq etdikləri ərazidə olduğunu xatırlatsınlar.