Xəbər - Samir Əli – Trend:
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İbrahim Əhmədov Ramazan ayında immun sisteminin zəifləməməsi üçün vətəndaşlara tövsiyyəsində deyib.
O bildirib ki, insan şəkərli diabet xəstəsidirsə aydın məsələdirki, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir: “Və ya bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərini artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sitemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.
Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələr olub, insan orqanizminin həyatı funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan yaxşı olar ki, insanlar qəbulda canlı suya üstünlük versin. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Qəbul etdiyimiz maye miqdarının təxminən 25-30%-i xörəklərin, 15-20%-i isə məhsulların tərkibində qəbul edirik. Sərbəst maye şəklində isə qəbul edəcəyimiz miqdar xüsusilik təşkil edir. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və s. asılıdır. Orta hesabla götürsək müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ödənilərsə kifayətdir. Əslində maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa mərkəzi sinir siteminə gedən reaksiya hesabına susuzluq yaranır. Və bu zaman tövsiyə edərdim ki, canlı (qaynadılmamış su) sudan istifadə olunsun. Əsas məqamlardan biri isə su qəbulunu birdəfəlik 1 litr içməklə deyil fasilələrlə qəbul etmək vacibdir. Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsak zamanı 3-4 stəkan maye qəbul etməsi kifayətdir. Əsasəndə Ramazanın ilk günlərində diqqət etmək lazımdır. Gündəlik qəbul etdiyimiz maye miqdarının 40-50%-ni imsak zamanı qəbul etsək iftar zamanına kimi bədənimizə yardımçı olmuş olarıq”.
Nazirlik rəsmisi imsak və iftarda tövsiyə olunmayan qidalar barədə də danışıb: “Nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsakda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Bu baxımdan imsakda ilk növbədə duzlu qidaları rasiyondan çıxarmaq lazımdır. Turş qidalar, konservləşdirilmiş məhsullar, duzlu pendirlərdən, şirniyyatlardan imsak zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsak və iftarda olması yaxşıdır.
İftar bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.
İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda kilo artımına səbəb olur. Kilo artımından asılı olaraq qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və bənzər məhsullar, doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut edilib. ÜST tərəfindən nəşr olunan 27 maddəlik hesabatda işlənmiş ətlər 1-ci kateqoriya risk təsnifatına daxil edilib”.