Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2022-ci ilin 2-8
aprel tarixlərində Xorvatiyada keçirilmiş “Intercontinental
Challenger” qitələrarası çempionatda yüksək nəticələr göstərmiş
bocciaçılarla görüş olub.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, çempionatda boccia üzrə komandamız 3 medal (Bəhruz
Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov bürünc medal)
qazanıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
komandanın üzvlərini bu münasibətlə təbrik edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin paralimpiya
hərəkatına xüsusi qayğısı paralimpiya oyun növlərinin, o cümlədən
boccianın ölkəmizdə daim inkişaf etməsinə şərait yaradıb. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və
dəstəyi ilə 2018-ci ilin mart ayında Azərbaycan Boccia İdman
Federasiyasının yaradılması milli boccia idmanının inkişafı və
beynəlxalq qələbələr qazanması üçün geniş imkanlar açıb.
S.Babayev qısa bir vaxtda boccia komandasının uğurlu bir yol
keçdiyini və ardıcıl şəkildə uğurlar, beynəlxalq yarışlarda
qələbələr əldə etdiklərini diqqətə çatdırıb.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
boccianın inkişafına fəal dəstək verir. Boccia milli komandasının
heyəti nazirliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası
Mərkəzinə cəlb edilmiş əlilliyi olan şəxslərdən formalaşıb.
Mərkəzdə bocciaçıların təlim məşqləri üçün şərait yaradılıb. Burada
bocciaçıların qida və yataqxana, sosial-psixoloji, hüquqi və digər
xidmətlərlə təminatı da həyata keçirilir.
Görüşdə Boccia komandasının baş məşqçisi İlham Məhərrəmov,
“Intercontinental Challenger” qitələrarası çempionatda iştirak
etmiş bocciaçılar çıxış ediblər.
Azərbaycan bocciaçılarının ötən dövrdə beynəlxalq yarışlarda 3-ü
qızıl olmaqla 10 medal qazandıqları qeyd edilib. Dövlət başçısının
yüksək qayğısına cavab olaraq bundan sonra da bocciaçıların daim
yeni qələbələrə imza atmaq əzmində olduqları vurğulanıb.