Xorvatiya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir – Nazir (MÜSAHİBƏ)

Xəbər - Ləman Zeynalova – Trend:

Trend BİA-nın Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radmanla müsahibəsi

Enerji sahəsində əməkdaşlığın istiqaməti

Nazir bildirib ki, Xorvatiya və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük əməkdaşlıq potensialına malikdir. “Hidroelektrik stansiyaları ilə iş təcrübəmizi nəzərə alsaq, enerji sektorunda, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var. Bu, Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası baxımından xüsusilə maraqlıdır”, – o əlavə edib.

Enerji sektorunda davam edən layihələrə gəldikdə, Radman İon-Adriatik Qaz Boru Kəməri (IAP) layihə şirkətinin yaradılması üçün sənədlərin tam hazırlandığını qeyd edib.

“İon-Adriatik qaz boru kəməri layihəsi Cənub-Şərqi Avropa üçün yeni bir qaz təchizatı marşrutu olaraq əhəmiyyət kəsb edir ki, bu da təchizat təhlükəsizliyini artırmaqla yanaşı, həm də Enerji İttifaqının məqsədlərinə uyğun olaraq mənbələrin şaxələndirilməsini təmin edəcək”, – Radman deyib.

Nazir bildirib ki, layihənin Xorvatiyadakı operatoru, IAP layihə şirkətinin və qərargahının Duqopolyedə (Xorvatiya) yaradılması üçün tam sənədlər hazırlayan “Plinacro” şirkətidir.

Onun sözlərinə görə, COVID-19 pandemiyası bu istiqamətdə işlərin gedişatına təsir göstərib: “Buna baxmayaraq, “Plinacro” 2021-ci ilin sonuna qədər qəbul ediləcək Aİ-nin ümumi maraq kəsb edən layihələrinin beşinci siyahısı üçün bir layihə təqdim edib. Layihə Monteneqronun qazlaşdırılması və Bosniya və Herseqovinaya yeni təchizat marşrutunun açılması üçün xüsusilə vacibdir. Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və Azərbaycan hökumətinə layihənin hazırlanmasında daimi və böyük dəstəyə görə xüsusi minnətdarıq”.

O qeyd edib ki, IAP-ın gələcəkdə qoşula biləcəyi Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropanın daha yaxşı enerji mənbəyinə keçməsinə kömək edir: “Cənub Qaz Dəhlizi” Cənub-Şərqi Avropanın və onun hüdudlarından kənarda enerji sabitliyinə böyük töhfə verir. Aİ-nin enerji siyasəti ilə əlaqədar iki vacib məsələni həll etdiyi üçün bu bölgə üçün olduğu kimi bütün Avropa üçün də son dərəcə vacibdir: bir tərəfdən Avropa Birliyi üçün təbii qaz mənbələrinin şaxələndirilməsinə kömək edir və digər tərəfdən tədarüklərin etibarlılığını təmin edir. Bu, xüsusilə vacibdir, çünki bu bölgədə elektrik istehsalı hələ də qismən kömürlə bağlıdır. Buna görə də qaz təchizatı üçün yeni bir marşrutun təmin edilməsi Cənub-Şərqi Avropa ölkələrinə daha yaxşı enerji mənbəyinə keçməyə imkan verir”.

Ticarət əlaqələrini inkişaf etdirmək üçün tədbirlər

Radman bildirib ki, Xorvatiya və Azərbaycan bir neçə sektorda (informasiya texnologiyaları, minalardan təmizləmə avadanlıqları və enerji) yeni layihələr üzrə danışıqlar aparır.


Nazir razılaşma əldə ediləcəyi təqdirdə əhəmiyyətli ticarət sabitsizliyinin qismən azalacağını söylədi: “COVID-19″ pandemiyası və sərhədlərin bağlanmasının iki ölkə arasındakı ticarətə mənfi təsir etmədiyini bildirməkdən məmnunuq: həm Xorvatiyanın Azərbaycana ixracı, həm də Azərbaycandan Xorvatiyanın idxalı 2020-ci ildə artıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya Azərbaycan beş faiz (1,37-dən 1,44 milyon avroya), Xorvatiyanın Azərbaycandan idxalı isə 10 faiz (339,78 -dən 440,57 milyon avroya) yüksəlib ki, bu da ümumilikdə təxminən 10 faiz artım deməkdir”.

Nazir deyib ki, Xorvatiya Azərbaycan mallarının dünyada ən böyük 5 idxalçısından biridir və bu göstəriciyə görə Aİ ölkələri arasında üçüncü yerdədir: “Xorvatiyadan Azərbaycana mal ixracı, Xorvatiyanın Azərbaycana iki bərə ixrac etdiyi 2012-ci ili istisna etsək, geniş miqyas almasa da, 2020-ci ildə bizim İT şirkətlərinin azərbaycanlı müştərilərə göstərdiyi xidmətlərin performansı artıb. Bu, Azərbaycanda Xorvatiya İT şirkətlərinin və onların təxminən 10 ildir ki, hər il keçirilən Bakutel sərgilərində iştirakının nəticəsidir.

Xorvatların Azərbaycana ixrac etdikləri ən geniş yayılmış məhsul kosmetik məhsullardır. Qeyd etmək vacibdir ki, Xorvatiya Azərbaycana yüksək texnologiyalı əczaçılıq məhsulları da daxil olmaqla bir sıra digər məhsullar təklif edə bilər. Bir neçə sektorda (İT, mina təmizləmə maşınları və enerji) yeni layihələr üçün danışıqlar aparılır. Əgər razılıq əldə olunarsa, bu, böyük ticarət balanssızlığını qismən yumşaldar”.

Onun sözlərinə görə, Xorvatiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2 -ci iclasının bu ilin sentyabr ayının sonu və ya oktyabrın əvvəlində Zaqrebdə keçirilməsi planlaşdırılır.

Radman cari əməkdaşlığın daha da genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edərək, ikitərəfli əlaqələrin inkişafına güclü təkan verən Hökumətlərarası Birgə Komissiyanın işinin bu kontekstdə əhəmiyyətini vurğulayıb: “2017-ci ilin ilk görüşündə iqtisadi əməkdaşlıq, xüsusilə sənaye, enerji, nəqliyyat, rabitə, informasiya texnologiyaları, mədəniyyət, turizm, gənclər, idman, səhiyyə, kənd təsərrüfatı sahələrində fikir mübadiləsi aparılıb. Beləliklə, bu, ikitərəfli əməkdaşlıq üçün hüquqi çərçivənin inkişaf etdirilməsi ilə əlaqədar olaraq, ümumi məqsədlər təyin etmək, onlara çatmaqda irəliləyişləri izləmək və iqtisadi əməkdaşlığı genişləndirməsi məqsədi ilə yeni addımlar təyin etmək üçün əla bir platforma olub. Müştərək komissiya şirkətlər və digər hüquqi şəxslər arasında investisiyanı təşviq etmək və iqtisadi sahələrdə məlumat mübadiləsini asanlaşdırmaq məqsədi ilə birbaşa əlaqələrin yaradılmasına tövhə verir.

Bu yaxınlarda mənə məlumat verildi ki, Bakıdakı səfirliyimiz sentyabrın sonu və ya oktyabrın əvvəlində Zaqrebdə keçiriləcək Birgə Komissiyanın 2-ci iclasının çağırılması prosedurunu sürətləndirib”.

Qordan Qrlic Radman xatırladıb ki, ötən il Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 -ci ildönümü qeyd olunub: “Münasibətlərimiz dostluq və tərəfdaşlıq üzərində qurulub. Xorvatiya Azərbaycanı vacib strateji tərəfdaş hesab edir. 2013-cü ildə hökumətlərimiz, müəssisələr, qeyri-kommersiya təşkilatları və vətəndaşlar arasında daha sıx mübadilələri təşviq etmək üçün Strateji Tərəfdaşlıq Bəyannaməsi imzaladıq. Növbəti məntiqi addım 2018-ci ildə Bakıda Xorvatiya Respublikasının Səfirliyinin açılması oldu. Səfirlik vasitəsi ilə həyata keçirilən ən yüksək diplomatik mövcudluq, şübhəsiz ki, xarici siyasət məsələləri və qlobal çağırışlarla bağlı daha fəal və müntəzəm fikir mübadiləsinə kömək edir, lakin hər şeydən əvvəl ikitərəfli qarşılıqlı əlaqəni gücləndirir. Diplomatiyada, bildiyiniz kimi, “yerində olaraq” təmsil olunmaq, ölkələrimizin və xalqlarımızın xeyrinə birlikdə çalışmağın ən yaxşı yoludur. Səfirliyin açılması Xorvatiya ilə Azərbaycan arasında onsuz da səmərəli siyasi, iqtisadi və mədəni əməkdaşlığa əlavə töhfə verdi. Eyni məqsədlə 2011-ci ildə Azərbaycan Zaqrebdə səfirliyini açıb. Beləliklə, əlaqələrimiz ticarət və iqtisadiyyat sahələrində artan müsbət dinamikaya malikdir və Xorvatiyanın Bakıda səfirliyinin açılması, şübhəsiz ki, buna öz təsirini göstərib”.

Twitter: @Lyaman_Zeyn

Teqlər: