Türkiyənin NTV telekanalında yayımlanan “Empati” verilişində iştirak edən məşhur aktrisa Burcu Biricik göz yaşlarına hakim ola bilməyib.
AzerTimes xəbər verir ki, aparıcı Əhməd Mümtaz Taylan 2017-ci ildə PKK hücumu nəticəsində şəhid olan Aybukə Yalçının həyat hekayəsi və adının tarixçəsini danışıb.
“Aybukənin ailəsi hələ övladları olmadığı zaman bir film izləyiblər. Film 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsinə aid Xocalı şəhərində həyatını itirənlər haqqında olub. Orada həyatını itirən balaca qızın hekayəsi onlara çox təsir edib. Bilirsən ki, Xocalıda həyatını itirən 613 nəfər var. Onların arasında da bir uşağın adı Aybukə olub. Anası da bu filmi izlədikdən sonra göz yaşlarına hakim ola bilməyib və qızı dünyaya gələrsə, bu adı ona vermək qərarına gəlib. Ona görə də, onun adı Aybukə olub”.
Qeyd edək ki, Aybukə Yalçın adlı müəllim 2017-ci ildə şəhid olub. Belə ki, dostları ilə məktəbdən evinə qayıdan Aybukə PKK-nın bələdiyyə sədri Veysi İşıkın avtomobilini hədəfə alan terrorçu hücumu nəticəsində həyatını itirib.