Xocalıda günahsız insanların amansızcasına qətliamı bəşər tarixində misli görünməmiş faciə idi – Sevil Mikayılova

30 il bundan əvvəl bir gecədə törədilən Xocalı soyqırımı bir
şəhəri yer üzündən sildi. Günahsız insanların amansızcasına
qətliamı bəşər tarixində misli görünməmiş faciə, xalqımızın qan
yaddaşı, xeyirin şərə məğlubiyyəti idi. Xocalı soyqırımı erməni
cinayətidir və dünya birliyi tərəfindən ona siyasi qiymətin
verilməsi tarixi ədalətin bərpa olunması üçün ən düzgün yoldur. Bu
məsələ Azərbaycanın 1996-cı ildə qoşulduğu, BMT Baş Assambleyasının
1948-ci ildə qəbul etdiyi Soyqırımı cinayətinin qarşısının alınması
və cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq beynəlxalq
hüquq müstəvisində həllini tapmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə
qazandığımız Böyük Zəfərlə xalqımız Vətənimizin azadlığı,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün müharibə
qurbanlarının ruhu qarşısında öz mənəvi borcunu yerinə yetirdi.

“Torpaqlarımız bütövləşdi, müqəddəs bayrağımızı Ana torpağa
sancdıq. Biz qalibik. Bizim istəyimiz ədalətin hüquq müstəvisində
zəfər çalması, erməni vandalizminin tarix qarşısında məsuliyyətə
cəlb olunması, Xocalı soyqırımına hüquqi və siyasi qiymətin
verilməsidir.

Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən misilsiz işlər
görüldü. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən
“Xocalıya ədalət” kampaniyası bu istiqamətdə mühüm addım oldu. Məhz
bu kampaniya çərçivəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya
birliyinə olduğu kimi tanıdılıb, 26 ölkə, eləcə də ABŞ-ın 24 ştatı
artıq bu cinayəti soyqırımı kimi qəbul edib.
Hər birimizin qəlbində dərin iz qoymuş bu qanlı hadisə düzgün
siyasi qiymət alana qədər mübarizəmiz davam edəcək. Xocalı təkcə
bir xalqa, bir millətə qarşı deyil, bütün bəşəriyyətə qarşı
törədilmiş qanlı cinayətdir. Onun sərhədlərini coğrafiyası ilə
məhdudlaşqırmaq olmaz. Susqunluq, yaxud etinsızlıq Xocalı
qurbanlarına hörmətsizlik deyil, bəşərin gələcək təhlükəsizliyinə
təhdiddir”, – deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, biz Xocalıya ədalət istəyirik, yalnız
milli mənsubiyyətinə görə qətlə yetirilmiş insanlar, məhv edilmiş
yüzlərlə talelər, viran qalmış yurd təkcə Azərbaycan xalqına qarşı
deyil, bəşərə qarşı yönəlmış vəhşilikdir. Ona görə də zaman-zaman
baş qaldıran erməni faşizmi və millətçiliyi beynəlxalq birlik üçün
çağırış olmalıdır. Məhz Xocalı müstəvisində həmrəylik bir çox
faciələrin qarısını almaq üçün xilas olacaq.

Teqlər: