Xocalı soyqırımının qurbanları İsraildə anılıb (FOTO)

İsrailin Yerusəlim şəhərində Xocalı soyqırımının 30-cu ildönümü
ilə əlaqədar anım tədbiri keçirilib.

AzerTimes xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azİz”
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə
mədəniyyət mərkəzində baş tutan tədbirdə Knessetin deputatı,
İsrail-Azərbaycan parlamentlərarası qrupunun sədri Elina
Bardaç-Yalova, Azərbaycan Milli Məclisinin üzvü Sevil Mikayılova,
Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyinin rəhbəri Cəmilə
Talıbzadə, “Passage” jurnalının baş redaktoru, sənətşünaslıq
doktoru Nərminə Ağası və digər rəsmi şəxslər, yerli ictimaiyyətin
nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azİz” Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Yeganə Salman 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun
Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərində
dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli
soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan
xalqı, İsraildə və dünyada yaşayan azərbaycanlılar bu il dərin hüzn
və kədərlə ölkəmizin müasir tarixinə ən dəhşətli qətliam kimi həkk
olunmuş faciənin 30-cu ildönümünü qeyd edir.

Sonra deputatlar Elina Bardaç-Yalova, Sevil Mikayılova, “Pisqat
Zeev” Qüds Mədəniyyət Mərkəzinin rəhbəri Yael Kohen, “Azİz”
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak
çıxış ediblər.

“Yəhudilər sizi hər kəsdən yaxşı anlayır. Yalnız öz milli
mənsubiyyətinə görə dinc əhalisinin vəhşicəsinə qətlə yetirilməsi
ilə qarşılaşan Azərbaycan xalqının dərdinə şərik oluruq”, – deyə
E.Bardaç-Yalova söyləyib.

Azərbaycanlı qonaqlar Xocalı faciəsi kimi ağrımıza şərik
olduqlarına, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına fəal
şəkildə qoşulduqlarına, xalqımıza dəstək göstərdiyinə görə İsrail
dövlətinə və yəhudi xalqına minnətdarlıqlarını bildiriblər.
Azərbaycan dövlətinin və xalqının öz ərazi bütövlüyünü bərpa
etdiyi, Cənubi Qafqaz bölgəsinə sülh gətirdiyi və dünyanın heç bir
yerində müharibənin olmasını arzulamadığı nəzərə çatdırılıb.

“Azİz” Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak anım
tədbirinin keçirilməsində göstərdikləri dəstəyə Diasporla İş üzrə
Dövlət Komitəsinə, “Xocalıya Ədalət!” beynəlxalq təbliğat
kampaniyasına, “Pisqat Zeev” Qüds Mədəniyyət Mərkəzinin rəhbəri
Yael Kohenə, musiqi məktəbinin direktoru Qalina Pritsə, “Azİz”in
Yerusəlim bölməsinin sədri Aleksandr Aqranovskiyə xüsusi
minnətdarlığını bildirib.

Tədbir Azərbaycan və dünya musiqi klassiklərinin əsərlərindən
ibarət proqramın təqdim olunması ilə davam edib. Əsərləri
Azərbaycanın tanınmış pianoçusu, beynəlxalq müsabiqələr laureatı
Fəqan Həsənli və israilli opera müğənnisi Kamelia Yoffe ifa
ediblər.

Tədbir çərçivəsində Qarabağ və Xocalı soyqırımı həqiqətlərindən
bəhs edən kitablar nümayiş etdirilib.

Teqlər: