Xocalı soyqırımının iştirakçısı, görün, nələri etiraf etdi

Xocalı soyqırımının iştirakçısı, görün, nələri etiraf etdi

Xocalı faciəsinin törədilməsində iştirakçı olmaqda təqsirləndirilən Raşid Beqlaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzerTimes APA-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon məhkəməsində Füzuli Hərbi məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən iclasda istintaq sənədləri elan edilib.

Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb. Özünün iddiasına görə tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.

Hakim Ə.Süleymanov bu qədər məbləğin nəyə görə ona ianə edildiyini soruşub.

Təqsirləndirilən R. Beqlaryan bildirib ki,bu pullar kömək məqsədi ilə göndərilib:

“Mənə sadəcə sənədlər göndərirdilər. Guya ianə edəcəkdilər”.

Daha sonra məhkəmədə təqsirləndirilən R. Beqlaryanın istintaqa verdiyi əlavə ifadə elan edilib.

O ifadəsi zamanı Əsgəranda anadan olduğunu və sürücü kimi işlədiyini deyib: “O vaxtlar Qarabağda ermənilərin silahlı qrupları vardı. Əsgəranda da bu qruplardan vardı. Vitali Balasanyan Əsgəranda olan qrupun başçısı olub. Mən silahsız olmuşam. Silahsız olsam da Əsgəran bölüyünün tapşırıqlarını yerinə yetirmişəm. Əsgəran bölüyündə Seqo Doluxanyan adlı biri vardı. Onunla dostluq əlaqəmiz vardı. Seqo aktiv döyüşlərdə iştirak edib. Seqo hadisələr barədə mənə danışırdı. Seqo dedi ki, Xocalı camaatı Əsgəran qalası tərəfdən Qarqar çay boyu Ağdama gedəcək. Bu camaatı Əsgəran bölüyü qarşılayacaqdı. Qarabağ erməniləri camaatın oradan keçəcəyini bilirdi. Əsgəran qalası ətrafında 50-60 silahlı erməni gözləyirdi. Orda dedilər ki, camaatı aldatmışıq ki, Naxçıvan kəndindən Ağdama Qarqarçay tərəfdən dəhliz verilib. Seqo deyirdi ki, bizə onları öldürmək əmr verilib. Əmr verilməsə belə biz onlardan nifrət edirdik. Onsuz da öldürəcəkdik. 150 nəfər insan o yolla gedirdi. 70 faizi qadın, uşaq və qocalar idi. İnsanlar bir yerə yığılandan sonra erməni silahlılar onlara atəş açmağa başladı. Uşaqlar və qadınlar ağlamağa, yalvarmağa başladılar. Erməni silahlılar da onlara baxıb gülürdü. Atəş açmağa başlayanda bir neçə nəfər Ağdama tərəf qaçmağa başladılar. Geridə qalan hər kəsi öldürdülər. Sonra əli silahlılar meyitlərə bir daha güllə vururdu. Öldüklərinə əmin olmaq üçün. Sonra əsgərlər meyitlərin üzərində olan qızıl və dəyərləri əşyaları topladıq. 1 həftə sonra Əsgəranda yaşayan erməni camaatı şikayət etməyə başladı. Onlar meyitlərdən iy gəldiyini və xəstəlik yayılacağı dedilər. Sonra əsgərlər gedib orda olan meyitləri kütləvi basdırdılar. Xocalı hadisələri zamanı şəhərdə olsam da iştirakçı olmamışam”.

Prokuror təqsirləndirilən Raşid Beqlaryana ifadələri arasında ziddiyyətin səbəbini soruşub.

R. Beqlaryan isə o danışdıqlarında iştirakçı olmadığını, hamısını Seqo Doluxanyanın danışdıqlarından bildiyini deyib. Məhkəmədə verdiyi ifadəni təsdiqləyib.

Daha sonra prokuror iştirakçı olmadığı halda kütləvi məzarlığı necə bu qədər dəqiq bildiyini soruşub. R. Beqleryan Seqo Doluxanyan insanların basdırıldığı yeri uzaqdan ona göstərdiyini deyib:

“Seqo 95-ci ildə Əsgəran yolu üzərində olanda insanları basdırdığı yeri göstərdi. Mən də müstəntiqə göstərdim”.

Daha sonra məhkəmə Raşid Beqlaryandan Xocalı hadisələrini soyqırım kimi qəbul edib- etmədiyini soruşub. O isə cavab olaraq ondan bunu niyə soruşduğunu deyib:

“Məndən niyə soruşursuz? Orda olan hadisələr soyqırım kimi bir şey idi. Mənə görə pis haldır. Qəbul edirəm ki, Xocalıda olan hadisələr soyqırımdır”.

Daha sonra məhkəmədə tibbi ekspertizanın nəticıləri elan edilib.

Daha sonra hakim Əli Süleymanov istintaq materialları içində olan erməni dilində yazılmış “Raşid Beqlaryanın döyüş yolu” adlı sənədi elan edib.

“Mən Raşid Beqlaryan döyüş yoluma 1988-ci ildə başlamışam. 3-cü dəstədə xidmət etmişəm. O dəstənin rəhbəri Murad Petrosyan idi. Bu dəstə ilə komandirimizin verditi tapşırıqları yerinə yetirmişik. Dəstəmiz Ağdam-Şuşa yolunda strateji olan körpünü partlatmışıq. Bundan başqa Amaras monastırı yaxınlığında türklərin hərbi kolonunu məhv etmişik. Xocalı, Şuşa və bir çox kəndləri “azad edilməsində” iştirak etmişəm. Müharibədə 8 dəfə yaralanmışam. Sonralar dəstəmiz böyüyərək bölüyə çevrildi və mən dəstə komandiri oldum. 1993-cü ildən öz yük maşınımla yük daşımışam”.

Hakim hansı yükləri daşıdığını soruşub. R.Beqleryan isə bildirib ki, ona nə veriblər onu daşıyıb.

İstintaq sənədlərindən məlum olub ki, Raşid Beqlaryan separatçı rejim tərəfindən medalla təltif olunub. Raşid Beqlaryan onu da əlavə edib ki, yazılanları şişirdib:

“Yazıları qohumlarım dedi şirşirt. Dövlətdən pul almaq üçün mən də şişirdib yazdım”.

Qeyd edək ki, keçən ilin avqustun 1-də Ermənistan vətəndaşı Rəşid Beqleryan Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozan zaman saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə görə, Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinib.

Ona qarşı Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Teqlər: