Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri baş tutub (FOTO)

“PAŞA Həyat” şirkəti, “İRS” Nəşriyyat evi, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin İsraildəki rəsmi nümayəndəliyi və
“İsraildə Azərbaycan Evi” Təl-Əvivdə XX əsrin ən dəhşətli
faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini
anma gününü qeyd ediblər.

Bununla yanaşı, “İRS” jurnalının ivrit dilində nəşri, həmçinin
“PAŞA Həyat” şirkəti Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin və “İRS” Nəşriyyat evi ilə birgə əməkdaşlıq
çərçivəsində nəşr edilmiş “Qarabağın qara kitabı” adlı kitabın
xarici ölkədə ilk təqdimatı keçirilib.

Tədbirdə İsrailin siyasi partiyalarının nümayəndələri, Holon
şəhəri merinin birinci müavini Mixail Sutovski, Ariel
Universitetinin professoru Kirill Feferman, israilli siyasi
texnoloq Roman Qureviç, İsraildə yaşayan azərbaycanlı rejissor və
“Ağrı” romanının həmmüəllifi Əmir Qut, israilli riyaziyyatçı, Keu
pedaqoji institutunun professoru Mark Appelbaum, israilli tibb
işçisi Fərid Appelbaum, İsrail KİV-lərinin təmsilçiləri, Türkiyə
Respublikasının İsraildə diplomatik korpusu tam heyətdə, həmçinin
İsrailin vaxtilə Azərbaycanda yaşamış çoxsaylı icması iştirak
edib.

Tədbir iştirakçıları erməni silahlı qüvvələri tərəfindən
Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımının
günahsız qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından keçmiş əsgər və zabitlərin xatirəsini anıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki
nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru
Arye Qut tədbiri açaraq, Xocalıda baş vermiş dəhşətli faciədən 30
il keçdiyini vurğulayıb.

“Bütün bu illər ərzində biz İsraildə bu dərdə şərik olaraq, əsl
informasiya müharibəsi ilə məşğul olmuşuq, Azərbaycan barədə
həqiqətləri yaymağa çalışmışıq. Biz Holokostu görmüş bir xalqıq,
ona görə Azərbaycan xalqının ağrı-acısını yaxşı başa düşürük.

Yaddan çıxarmamalıyıq ki, Ermənistan 30 il ərzində Azərbaycan
ərazilərinin 20 faizini işğal edib. Mən İsrail KİV-lərinin
təmsilçiləri ilə birlikdə artıq işğaldan azad edilmiş ərazilərdə
olmuşam. Ermənilərin Qarabağda vandalizm və urbisidlə məşğul olaraq
törətdikləri dağıntılar bir İsrail vətəndaşı kimi məni şok
vəziyyətinə saldı. Sanki bu torpaqlardan dəhşətli və amansız taun
xəstəliyi keçmişdi. Biz orada bircə dənə də olsa salamat qalmış
bina görmədik – nə ev, nə məktəb, nə kitabxana, nə muzey qalmışdı.
Qəbiristanlıq, məscidlər, kilsələr xarabalıqlara çevrilmişdi”, –
deyən tədbirin moderatoru Arye Qut Xocalı soyqırımı barədə sənədli
təqdimatı iştirakçıların diqqətinə çatdırdı.


“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı 16 dildə nəşr
olunan layihə üzərində ətraflı dayandı. O dedi: “Jurnalın 17-ci
dildə – ivrit dilində buraxılışının xüsusiliyi ondadır ki,
Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi yoxdur, lakin buna
baxmayaraq, jurnal ən yüksək keyfiyyətdə işıq üzü görür. Bu gözəl
ölkədə beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsrailin
və Azərbaycanın böyük vətənpərvəri Arye Qut kimi yaxşı peşəkarlar
var. Biz bunu etdik və İsrail-Azərbaycan strateji münasibətlər
formatı çərçivəsində belə səviyyədə jurnal ilk dəfədir nəşr
olunur”.

Xocalı faciəsi qurbanlarını anma günündə çıxış edən “PAŞA Həyat”
şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov vurğulayıb ki,
səfərin əsas məqsədi 30 il bundan əvvəl baş vermiş hadisələri
düzgün işıqlandırmaqdır. O deyib: “Bu, həm də “İRS” nəşriyyatı ilə
birgə dərc edilmiş kitabın rəsmi təqdimat mərasimidir. Əslində, bu
iki missiya bir-biri ilə çox güclü qarşılıqlı əlaqəlidir. Düz 30 il
bundan əvvəl, 1992-ci il fevralın 26-da soyuq bir gecədə erməni
silahlı qüvvələri Xocalıda soyqırımı aktı törədiblər. Bu soyqırımı
aktı indiyədək Azərbaycan xalqının qəlbində ağır yara və dərddir.
Burada olarkən qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dost
və strateji münasibətlər inkişaf edir və möhkəmlənir. Biz İkinci
Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi və siyasi
dəstəyə görə İsrail Dövlətinə çox minnətdarıq”.

N.İsmayılovun sözlərinə görə, “Qarabağın qara kitabı”
Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə və
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın ən yeni tarixinə həsr
edilib, “PAŞA Həyat” və “İRS” Nəşriyyat evinin 2013-cü ildən
başlayaraq “İrs” layihələr silsiləsi çərçivəsində yaradılıb.

Tədbirdə iştirak edən digər siyasi nümayəndələr də çıxış edərək
Azərbaycan xalqına başsağlığı verdilər. İsraillilərin Azərbaycan
barədə, onun geosiyasi əhatəsi, siyasi və iqtisadi potensialı haqda
daha çox məlumat toplamasında “İrs” jurnalının ivrit dilində
nəşrinin çox vacib olduğunu qeyd ediblər, “İRS” jurnalına və “PAŞA
Həyat” şirkətinə əsl dəstəyə görə minnətdarlıqlarını
bildiriblər.

Tədbirin sonunda ravvin Mixael Finkel Azərbaycanın Xocalı
şəhərində soyqırımı aktının qurbanlarının xatirəsinə yəhudilərin
“Kadiş” duasını oxuyub.

Teqlər: