Banqladeşin Samoy Televiziyasının əməkdaşı, jurnalist Marzia Rahman Mumunun təşkilatçılığı ilə “Xocalı Soyqırımını xatırlamaq” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, jurnalistin moderatorluğu ilə baş tutan tədbirdə Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş prokuroru Barrister Tureen Afroz, Barselona Vəkillər Kollegiyasının üzvü Xaviyer Medina Ortiz, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun yaxın qohumu, Xocalı sakini Mərhəmət Həsənzadə, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin üzvü, Azərbaycan Diaspor Gəncləri platformasının İndoneziya üzrə koordinatoru Leyla Qarayeva iştirak ediblər.
Tədbirin başlanğıcında B.T.Afroz Xocalı qurbanlarına və onların ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, 29 il öncə baş verənləri insanlıq tarixinə, bəşəriyyətə utanc adlandırıb. Kütləvi qırğın zamanı Cenevrə Konvensiyasının kobudcasına pozulduğunu və cinayət faktı olduğunu nəzərə çatdıran banqladeşli natiq Xocalıya ədalət tələb etməyin vacibliyini vurğulayıb.
X.M.Ortiz bu faciənin tanıdılması üçün İspaniyada, xüsusilə də Barselonada həyata keçirdikləri fəaliyyətdən bəhs edib. Qeyd edib ki, ermənilər özlərini qurban, Azərbaycanı isə işğalçı kimi qələmə verməklə müxtəlif uydurmalarla yerli ictimaiyyəti çaşdırmağa çalışırlar. Lakin Kataloniyadakı erməni lobbisinin güclü cəhdlərinə baxmayaraq, yerli ictimaiyyət hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Sonda ispaniyalı vəkil 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə görə xalqımızı təbrik edib.
M.Həsənzadə Xocalıda baş verən dəhşətli cinayətlərdən, dayısının qəhrəmanlıqla həlak olmasından, L.Qarayeva bu qəddar cinayətin erməni hərbi birləşmələri və terrorçu qrupları tərəfindən əvvəlcədən planlaşdırılaraq həyata kecirildiyindən danışıb. Onlar dünya ictimaiyyətini və beynəlxalq birliyi biganə qalmamağa, “Xocalıya ədalət!” tələbini dəstəkləməyə çağırıblar.