Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada yaşayan həmyerlimiz Şəfiqə Robertsin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma!” mövzusunda videokonfransı keçirilib.
Komitədən AzerTimes-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli, Xocalı rayonunun icra başçısı Şahmar Usubov, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin əməkdaşı Hüseyn Hüseynov, “Şəhid ailələri, əlillər və müharibə veteranlarının hüquqlarının müdafiəsi” ictimai birliyinin Şirvan şəhər şöbəsinin sədri Arzu İbrahimov, publisist Kifayət Əhməd qızı, həkim Adil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Rada Yusifzadə, şəhid Anar Novruzovun oğlu, Gənclik Platformasının sədri Fariz Vəliyev, Qızıl Aypara Cəmiyyətinin Şirvan şəhər bölməsinin sədri Ülviyyə Balayeva və başqaları iştirak ediblər.
Tədbirin moderatoru Şəfiqə Roberts 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə məlumat verib daha sonra giriş sözü ilə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli çıxış edib. Qeyd edib ki, erməni silahlı birləşmələrinin 366-cı motoatıçı alayın hərbçiləri ilə birlikdə dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyət tarixinin ən qəddar cinayətlərindən biridir.
Xocalı sakini D.Ağayeva əsir qaldığı günlərdə erməni faşistlərinin onun və digər sakinlərin başlarına gətirdikləri dəhşətli hadisələrdən danışıb, ömrünün sonuna qədər bu həqiqətləri bütün dünyaya bəyan edəcəyini və ədalətin bərpa olunması üçün əlindən gələni edəcəyini bildirib. O, müəllifi olduğu, ingilis dilində dərc edilmiş “Erməni əsirliyində 8 gün” kitabı haqqında tədbir iştirakçılarına məlumat verib və həmin dəhşətləri yaşayan xocalıları öz xatirələrini qələmə almağa çağırıb. Müəllif bildirib ki, onu bu acı hekayətlərlə dolu kitabı yazmağa vadar edən işğalçı Ermənistan tərəfindən törədilən dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmaq, ermənilərin iç üzünü bütün dünyada ifşa etmək istəyi, eyni zamanda gələcək nəsillərin o günləri unutmamasına çağırışdır.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, milli və dini mənsubiyyətinə görə törədilmiş Xocalı soyqırımı ədalətin iflasıdır. Bu cür cinayətlərin bir daha baş verməməsi üçün yüksək səslə “Xocalıya ədalət!” tələb olunmalı, erməni cəlladları Beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırılmalıdır.
Videokonfrans litvalı rejissor Andreas Brokasın “Sonsuz dəhliz” sənədli filminin nümayişi ilə yekunlaşıb.