Xəbər - Elçin Mehdiyev – Trend:
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olub. 200 il ərzində Azərbaycan xalqı
erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə,
soyqırım siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulub,
qaçqın, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər
tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
AzerTimes-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının ildönümü
ilə bağlı keçirilən tədbirdə deyib.
A.Paşazadə bildirib ki, XX əsrin sonunda baş vermiş Xocalı
soyqırımı bu siyasətin davamı və kulminasiyasıdır. Öz ağlasığmaz
qəddarlığı, qeyri-insani cəza üsulları ilə bu soyqırımı təkcə
Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı
yönəlmiş ən ağır cinayətlərdən biridir.
“1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min
əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişdir.
Xocalı soyqırımının nəticələrini öz gözlərimlə görmüşəm. O şəhərin
faciəsi, orada vəhşicəsinə qətlə yetirilmiş uşaqların soyuqdan don
vurmuş cəsədləri ömür boyu yaddaşımdan silinməz. Soyqırım baş verən
tarixdən etibarən Xocalı faciəsinin dəhşətli həqiqətlərini o
zamandan bu günə kimi iştirakçısı olduğum bütün beynəlxalq
forumların tribunalarından yaymaqdayıq. Bu soyqırımının
tanıdılması, erməni faşizmi və vandalizminin ifşa olunması üçün
Qafqaz Müsəlmanları İdarəsi olaraq dünya ictimaiyyətinə müraciət
edən ilk qurumlardan biri olmuşuq. 30 il ərzində hər il
Azərbaycandakı dini konfessiyalarla bərabər dünya ictimaiyyətinə
etdiyimiz müraciətlərdə tarixi həqiqətlər, Xocalı dəhşətləri öz
əksini tapır. Müqəddəs İslam dinində buyurulur ki, bir insan fəsad
törədərək bir insanı qətl edərsə, bütün bəşəriyyəti qətliam etmiş
hesab olunur və Allah qarşısında cavab verəcəkdir.
XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar
erməni siyasətinin nəticəsidir. Dünyada qəbul olunmuş beynəlxalq
konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırım
aktlarını pisləyir. Azərbaycan xalqı bu konvensiyaları rəhbər
tutaraq Ermənistan Respublikasına qarşı Beynəlxalq Haaqa
məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı
deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı
yönəldilmişdir. Bu bəşəri cinayəti törətmişlər, öz layiqli
cəzalarını almalıdırlar. Robert Köçəryan, Serjik Sarkisyan, eləcə
də Seyran Ohanyan və digər Xocalı qatilləri baş vermiş soyqırımın
günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab
verməlidirlər.
Azərbaycan dövlətçilik tarixinə Zəfər salnaməsi yazmış müzəffər Ali
Baş Komandan — Azərbaycan Prezidenti İlham Əliyev cənabları
Azərbaycanın ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmək qüdrəti
nümayiş etdirdi. Azərbaycanda xalq-dövlət, ordu-xalq birliyinə
istinadən tarixi qələbə qazanıldı. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Aprel
döyüşlərində, Vətən müharibəsində qazandığı Zəfər şəhidlərimizin
qanının yerdə qalmamasını təmin etdi.
Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşı və eyni zamanda,
ruhunun dirçəliş məqamıdır. Öz faciələrinin ağrı-acısından yenidən
toparlanaraq ucalan Azərbaycan xalqı müdrik rəhbərinin siyasi
iradəsi ilə bu gün azad Qarabağda erməni faşistləri tərəfindən
dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələri
və ziyarətgahlarına yeni həyat verir, məscidlərimiz, habelə kilsə
və sinaqoqlar yenidən qurulur, bərpa edilir, yandırılmış
torpaqlarımıza yeni nəfəs verilir, abad kəndlər və şəhərlər
salınır. Hamımız şahidik ki, Azərbaycan Prezidenti İlham Əliyev
cənabları və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın Qarabağa hər bir səfəri zamanı dövlət əhəmiyyətli sənaye
obyektlərinin təməlinin qoyulması ilə yanaşı azad olunmuş
ərazilərimizdə vandalizmə məruz qalmış məscidlərimiz ziyarət
edilir, dini-mənəvi abidələrin təmir, bərpa və yenidən qurulması
ilə bağlı əsaslı layihələr gerçəkləşdirilir. Şükürlər olsun,
multikultural Azərbaycan dövlətinin tolerant dəyərləri artıq azad
Qarabağda hökm sürməyə başlayıb. Milli-mənəvi dəyərlərimiz bizim
qürur və güc mənbəyimizdir. Gənclər Forumunda Azərbaycan
Prezidentinin bəyan etdiyi kimi: «milli dəyərlər təkcə əcdadlar
qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim
müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər
arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır».
Bəli, Azərbaycan dövləti və xalqı qalibdir, müzəffər dövlət
rəhbərinin liderliyi ilə bölgənin taleyini dəyişdirir, yeni
tarixini yazır, siyasi qələbəsini iqtisadi, mənəvi müstəvilərdə
davam etdirir. Bu tarixi qələbənin əldə olunmasında bizim yanımızda
olmuş, dəstəyini nümayiş etdirmiş dövlətlərə, xüsusilə qardaş
Türkiyə dövlətinə dərin minnətdarlığımızı bildiririk. Şuşa
Bəyannaməsinin təsdiqi bir millət, iki dövlət olan Azərbaycan və
Türkiyənin qardaşlıq bağlarını daha da möhkətlətdi, birliyimizi
dünyaya bəyan etdi.
Azərbaycan dövləti hər zaman şəhidlərin xatirəsini uca tutur.
Uca Allahdan bütün şəhidlərimizə, Vətən torpağı yolunda canını fəda
etmiş bütün qəhrəman Vətən övladlarına, xüsusilə Xocalı soyqırımı
qurbanlarına Allahdan rəhmət diləyir, əziz xatirələrini yad edir,
ailələrinə və yaxınlarına dərin hüznlə başsağlıqlarımızı
veririk.
Möhtərəm tədbir iştirakçıları! Azərbaycandakı dini konfessiyalar
olaraq, biz hər zaman – xoş gündə də, ağır məqamlarda da
dövlətimizin maraqları naminə birlikdə mövqe nümayiş etdirir, Vətən
torpağı uğrunda eyni səngərdə şəhidlər vermişik. Milli birliyimizin
əsasını təşkil edən bu multikultural dəyərlərimiz bizim gücümüzü
artıran, bütün sahələrdə qələbəmizə təkan verən ümummilli
sərvətdir.
Bu gün, Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində biz,
Azərbaycandakı bütün dini konfessiyalar bir araya gələrək bir daha
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və parlamentlərə
birgə bəyanatla müraciət edir, Ermənistan Respublikasının
Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı
soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsinə çağırırıq.
Xocalı qətliamının beynəlxalq müstəvidə soyqırımı kimi tanınmasına
nail olmaq Azərbaycanın dini konfessiya rəhbərləri olaraq bizim Uca
Yaradanımız və bəşəriyyət qarşısında müqəddəs borcumuzdur.
Dualar edirik ki, bayrağımız həmişə uca olsun, dövlətçiliyimiz
möhkəmlənsin, milli-mənəvi dəyərlərimiz, birliyimiz heç bir vaxt
sarsılmasın! Uca Allah dövlətimizi və xalqımızı hər zaman qalib,
dövlət rəhbərimizi həmişə müzəffər qərar versin! Amin!”, – deyə
A.Paşazadə bildirib.