Xəbər - Elçin Mehdiyev – Trend:
Xocalı soyqırımı təkcə Azərbayca xalqına deyil, insanlığa,
bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayətdir.
1992-ci il fevral 26-sı qarlı-şaxtalı bir gecədə insanlığını
itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın
insanlarımızın üzərinə hücum çəkərək tarixin ən qanlı
cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş
qəddarlıqla divan tutdu.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, dünya tarixinin ən dəhşətli səhifələrindən
biri olan Xocalı soyqırımından 30 il ötür.
“Xocalı soyqırımının qurbaqnlarının günahı yalnız azərbaycanlı
olmaq idi. Vəhşiləşmiş erməni hərbi birləşmələri həmvətənlərimizi
milli mənsubiyyətinə görə qəddarlıqla, amansızlıqla qətlə
yetirdilər. Düşmən o qədər vəhşiləşmişdi ki, gözünə nə uşaq, nə
qadın, nə qoca görünürdü, qarşısına çıxan hər kəsi qəddarlıqla
qətlə yetirirdi. Xocalı zamanı ermənilərin törətdiyi vəhşiliklər
heç bir çərçivəyə sığmır, bəşəriyyət tarixinin ən qanlı və ən
qəddar cinayətlərindən biridir.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı
zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan
əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150
nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum
deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000
nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu,
8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25
uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən
63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə
öldürüldü.
Ermənilər Xocalıda təkcə insanlarımıza qarşı deyil, tariximizə,
mədəniyyətimizə qarşı da cinayət törədib. Ermənilərin insanlığa
sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105
sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21
klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq
muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr,
günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara
xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim
sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib”, – deyə
deputat bildirib.
Deputat vurğulayıb ki, Xocalı soyqırımı bir sıra ölkələr
tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.
“Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində
aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox
ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və
xatırlanmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması
prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz
əhəmiyyətə malikdir.
Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex
Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru,
Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya,
İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq
parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə
qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator
proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında
Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında
qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının
tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar”, –
deyə A.Həsənova bildirib.
Deputat qeyd edib ki, Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi
Azərbaycan xalqının yaddaşında yaşayır.
“Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz
tutur, ehtiramla anır. Ermənilər Xocalı soyqırımını törətməklə
xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın
bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.
Lakin düşmənin bu məkirli niyyəti xalqımızın mübarizə əzmini daha
da gücləndirdi, xalqımız nəinki itirilmiş torpaqlarımızı unutmadı,
bununla barışmadı, əksinə o torpaqlar uğrunda canından keçməyə hər
zaman hazır oldu, vətənpərvər ruhda yetişən gənc nəsil xalqımıza
qarşı törədilən bu qanlı cinayətin qisasını almaq üçün həmişə hazır
oldular.
44 günlük Vətən müharibədə misilsiz igidlik nümunələri göstərən
qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı
faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə
qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən
bütövləşdi”, – deyə A.Həsənova əlavə edib.