“VMedia” adlı Youtube kanalı Xocalı soyqırımının 30-cu
ildönümünə həsr olunmuş yeni videoçarx təqdim edib. Kanalın
müəllifləri hesab edirlər ki, əgər Ermənistan həqiqətən də regionda
sülhə doğru dönüş etmək istəyirsə, Birinci Qarabağ müharibəsi
zamanı öz hərbi cinayətkarlarını pisləməlidir. O zaman inanmaq olar
ki, Ermənistan həqiqətən də öz çətin keçmişi ilə əlaqəni kəsmək
istəyir. Bu arada, 1988-1992-ci illərdə 366-cı alayda komandanlıq
edən Seyran Ohanyan və ya Robert Köçəryan kimi bu şəxslər nəinki
dəmir barmaqlıqlar arxasında qalmayıb, hələ də siyasətlə
məşğuldurlar. Hələ 10 il Ermənistan prezidenti olmuş, Xocalıda
əməllərini faktiki olaraq etiraf edən Serj Sarkisyandan söhbət
getmir.
Eyni zamanda, filmdə əsas vurğu o zaman “Stepanakert” adlanan
Xankəndində yerləşən 366-cı qvardiya motoatıcı alayının Xocalı
soyqırımında oynadığı rola yönəlib. Filmdə Bakıda və Yerevanda
yerləşdirilən sovet qoşunlarının hələ də müttəfiq mərkəzə –
Moskvaya tabe olduğu bir vaxtda 366-cı alayın (faktiki olaraq hələ
Sovet İttifaqının tərkibində) erməni separatçılarının və
terrorçularının əlinə keçdiyinə dair sensasion sübutlar təqdim
olunub.
Əsas sübutlardan biri desant zabiti Viktor Şevçenkonun 366-cı
alayın daxil olduğu 23-cü diviziyanın mətbu orqanı olan “Sovet
döyüşçüsü” qəzetində 26 mart 1992-ci ildə dərc edilmiş “İxrac-366”
adlı məqaləsidir. Məhz bu məqaləyə görə general-leytenant İ.Oqanyan
(Zaqafqaziya Hərbi Dairəsinin komandanının müavini) martın 26-nın
bütün tirajının məhv edilməsi haqqında əmr verdi. Tamaşaçılara
Xocalı faciəsindən dərhal sonra “Azərbaycan” nəşriyyatının
direktoru Baqatur Qayıbova ünvanlanmış məktubla göndərilmiş yeganə
nüsxənin təkrar çapı nümayiş etdiriləcək.
V.Şevçenkonun sözlərinə görə, “yüzlərlə desant hər kəsə 366-cı
alayın bütün silah və texnikasını silahlıların əlinə utanc verici
şəkildə təslim etməsini şahidlik etməyə hazırdır”.
“Bu hadisə desantçıların “təmin etdiyi” “mütəşəkkil çıxış” kimi
təqdim edilib. Əslində, bu, çıxış deyil, nizam-intizam və hərbi
şərəf ideyalarını itirmiş, tamamilə parçalanmış hərbi qulluqçular
cəmiyyətinin çıxarılması oldu. Alayın yüz əlli zirehli texnikasının
üçdə birindən az ədədi hava ilə təxliyə edildi. Səkkiz ultra müasir
tank, yüzə yaxın döyüş maşını, özüyeriyən zenit silahları,
haubitsalar və döyüş sursatları, atıcı silahların dörddə üçü alayın
səyi ilə humanizmdən uzaq insanlarda qaldı”, – deyə filmdə
Şevçenkonun sözləri sitat gətirilib.
Həmçinin filmdə 366-cı alayın komandiri, polkovnik Yuri
Zarviqorovla telefon danışığının yazısı da var. Onun Moskvadakı
ştatdankənar müxbirimizə dediklərini filmdə izləmək olar.
Bütün bu şübutlar ermənilərin Birinci Qarabağ müharibəsində necə
qalib gəldiyini dəqiq göstərir. Eyni zamanda, vurğulandığı kimi,
Xocalı soyqırımının əsas günahkarları hələ də
cəzalandırılmayıb.